Sensasiya: Vəli Ələsgərovun əməliyyatını general dostu Vasif Talıbova satıb…

GÜNDƏM bölməsi

12:06 - 23 Dekabr 2022

 Sensasiya: Vəli Ələsgərovun əməliyyatını general dostu Vasif Talıbova satıb…

Naxçıvanın həbsdən azad edilmiş keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərov deyib ki, 2016-cı ildə həbs olunmasının səbəbi guya Eldar Mahmudovun ona Vasif Talıbovu dinləmək tapşırığına əməl etməməsi olub. Nağılın davamında Ələsgərov bildirir ki, bundan əsəbiləşən Mahmudov ondan kompromat toplayaraq Vasif Talıbova ötürməklə nazirin həbsinə nail olub. Çox zəif əfsanə uydurub Vəli Ələsgərov.

Yenipress.az xəbər verir ki, bu sözləri keçmiş MTN əməkdaşı, təhlükəsizlik üzrə ekspert Ərəstun Oruclu qeyd edib.

“Əvvala, Vəli Ələsgərov 2015-ci ilin dekabrında, yəni Eldar Mahmudov işdən çıxarılandan düz iki ay sonra vəzifəsindən azad edilib və bundan 3 ay sonra da barəsində həbs qətimkan tədbiri seçilib. Arada qətimkan tədbiri dəyişdirilib də.

İkinci, Vəli Ələsgərov kim idi ki, Eldar Mahmudovun dəstəsinin üzvü kimi onun tapşırıqlarını icra etməyəydi?

Nəhayət, əgər o, Vasif Talıbovun evini dinləməkdən imtina etmiş olsaydı Mahmudov çıxarıldıqdan sonra qəhrəman olardı”, - o bildirib.

Ekspert vurğulayıb ki, “Zaman hər kəsin qiymətini verəcək” deyən Vəli Ələsgərov yaxşı olardı ki, hər şeyi zamanın öhdəsinə buraxmadan Talıbovun evini dinləmək üçün keçirdiyi əməliyyatın Vasif Talıbova hansı general həmkarı tərəfindən çatdırıldığını açıqlayaydı:

“İstər Vəli Ələsgərov, istərsə də hələ həbsdə olan keçmiş daxili işlər naziri Əhməd Əhmədov Vasif Talıbovun cinayət şərikləri olublar və Naxçıvanda minlərlə günahsız insana qarşı ən müxtəlif cinayət əməlləri törədiblər.

Bir cinayətkarın ifşası onun vaxtilə cəzalandırdığı iki cinayətkara bəraət qazandırmaq üçün əsas olmamalıdır. Hər kəs öz törətmiş olduğu cinayətlərə görə cavab verməlidir. Vasif Talıbov da, həmin iki cinayətkar general da”.

Yenipress.az

Xəbər xətti