Leobank müştərilərini, görün, necə aldadır - “62 günədək” oyunu

TOPLUM bölməsi

10:08 - 2 May 2024

 Leobank müştərilərini, görün, necə aldadır - “62 günədək” oyunu

“Leobank” pulsuz olaraq təqdim etdiyi debit kartlar vasitəsilə mahiyyətcə müştərilərini aldadır, buna öz təcrübəmdə şahid oldum.

Qısa izah: “Leobank”ın mənə təklif etdiyi və debit kartıma avtomatik olaraq əlavə etdikləri kredit məbləğindən istifadə etmişəm – 62 gün güzəşt müddəti olduğunu nəzərə alsaq, hələ götürdüyüm kredit məbləğini faizsiz bağlamaq üçün xeyli vaxt var. Halbuki bir hissəsini də artıq ödəmişəm (İlk istifadə tarixi 11 mart 2024-cü ildir – bu tarixdən etibarən hissə-hissə 1400 manat götürmüşəm, indiyədək 520 manat ödəmişəm. 880 manat borc qalıb, 62 günü nəzərə alsaq, ən azı 11 maya qədər bu vəsaiti faizsiz ödəməyə vaxt var). Və bu gün “Leobank”ın mənə sürprizi oldu – 880 manata görə bir günə 43 manat 92 qəpik əlavə faiz. Onların izahına görə dünən – yəni aprelin son günü istifadə edilən məbləğ tam ödənilməli imiş. Ona görə də cəmi bir gün keçməsinə baxmayaq, 43 manat 92 qəpik borc gəlib. Bu, “Leobank”ın cəmi bir müştərisindən bircə günə oğurladığı puldur! Nəzələ alın ki, “güzəştin sonuna kimi” faiz maşını hər gün “yazır”.
“62 gün vədi”nin mahiyyəti

Yəqin siz də elə bilirsiz ki, istifadə etdiyimiz məbləği 62 gün ərzində faiz gəlmədən yerinə qoya bilərik - elədirmi?

Əslində isə “Leobank” müştərilərinə kredit məbləği təklif edir. Məsələn, “Leo”nun debit kartında istifadə edirsinizsə, avtomatik olaraq kartınıza 1400-1500 manat kredit limiti gəlsə, sevinməyə tələsməyin. Çünki təqdim etdikləri şərtlər yalnız tələdir!

“Leobank”ın kredit təklifi ilə bağlı açıqlamasında yazılıb: 5 000 manatadək kredit limiti olan pulsuz karta 62 günədək güzəşt müddəti.

İndi isə keçək “62 günədək” fırıldağının açılışına. Daha dəqiq desək, “Leobank”ın müştəriləri söz oyunu ilə necə ələ salmağına.

Şikayətimlə bağlı operatorun mənə yazdıqlarından:

“Güzəşt müddəti – yəni “Leobank” sizə kredit hesabından istifadə zamanı 62 gün nəzərdə tutmur, 62 günəDƏK nəzərdə tutur. Misal üçün siz kredit məbləğindən may ayının 1-i də istifadə etsəniz, 30-u da istifadə etsəniz, həmin vəsaiti iyun ayının son gününədək ödəməli olacaqsız. Və yaxud, dekabrın 1-i, yaxud dekabrın 31-i 100 manat istifadə etmisizsə, yanvarın son gününədək həmin məbləği qaytarmalısız”.

Yəni: siz kredit məbləğindən istənilən ayın 1-i, tutaq ki, yanvarın 1-i istifadə etmisiz. Bu o deməkdir ki, siz növbəti ayın son günü (fevralın son günü) həmin borcu qaytarmalısız. İşin fırıldaq hissəsi burasındadır ki, siz həmin kredit məbləğini yanvarın 1-i yox, yanvarın 31-i belə götürmüş olsanız, yenə də həmin məbləği növbəti ayın son günü (fevralın sonuncu günü) artıq ödəməlisiz. Yəni “Leobank”ın “62 günədək” sözləri 62 gün demək deyil…

Maraqlıdır, bunu əvvəlcədən müştəriyə aydın izah etmək o qədərmi çətindir? Yoxsa “Leo” bu söz oyunu ilə müştərilərini aldatmağı lazım bilir?

Xəbər xətti