Ermənistan bu iki ərazini Azərbaycana verir - Şok iddia

GÜNDƏM bölməsi

12:22 - 4 May 2024

 Ermənistan bu iki ərazini Azərbaycana verir - Şok iddia

Şərti dövlət sərhədində delimitasiya prosesi sürətləndikcə Ermənistandakı siyasi proseslər də getdikcə gərginləşir. Müxalifət gündən-günə daha qabarıq şəkildə etirazını bildirir. Hətta bir çox tanınmış müxalifət nümayəndəsi diqqətçəkən iddialar ilə çıxış edir. Belə ki, iddialara görə Ermənistan delimitasiya çərçivəsində Göyçənin bəzi kəndləri və Zəngəzurun müəyyən hissəsini Azərbaycana verməyi planlayır.

Maraqlıdır, bu iddiaların məqsədi nədir? Nikol Paşinyan hakimiyyətinə qarşı xalqı ayaqlandırmaq, yoxsa sülh prosesini baltalamaq? Rəsmi Bakı delimitasiya prosesi çərçivəsində Zəngəzur və Göyçədən ərazilər tələb edə bilər?

Yenipress.az xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Azərbaycan heç bir ölkənin beynəlxalq hüquqla tanınan ərazilərinə iddiası yoxdur:

“Bəli, bu gün Ermənistan adlanan ölkənin əraziləri tarixi Azərbaycan torpaqlarıdır. Soydaşlarımız bu ərazilərdən məcburi şəkildə deportasiya edilib. Bir çox soydaşımız da soyqırıma məruz qalıb. Biz heç bir zaman bu tarixi unuda bilmərik. Hətta Qərbi Azərbaycan təbliğatımız buna görə sülh prosesindən sonra da davam etməlidir. Yəni Ermənistan tərəfi bilməlidir ki, gələcəkdə yenidən “artsax”, “böyük Ermənistan” desələr alacaqlarından çox itirəcəkləri olacaq.

Bununla belə hazırda Azərbaycanın Ermənistan ərazilərinə iddiası yoxdur. Delimitasiya prosesi də 1991-ci il Almatı bəyannaməsi əsasında aparılır. Bu istiqamətdə Qazaxın 4 qeyri-anklav kəndi qeyd-şərtsiz bizə təhvil verildi. Yəni proses bundan sonra da belə davam edəcək.

Erməni tərəfinin səsləndirdiyi iddialara gəldikdə isə deyə bilərəm ki, bunlar sadəcə boş, əsassızdır. Rəsmi Bakı Zəngəzur və Göyçədən ərazilər tələb etmir. Delimitasiya prosesi çərçivəsində qeyd edilən bölgələrdən ərazilər bizə təhvil veriləcəksə belə, bu, Almatı bəyannaməsi əsasında olacaq. Yəni burada hansısa ərazinin güzəştindən söhbət getmir”.

Politoloq deyir ki, Qazaxın 4 qeyri-anklav kəndin Azərbaycana təhvil verilməsinin ardınca Ermənistanda etirazlar başlayıb:

“Əslində bugünkü etirazlar bir müddətdir vardı. Sadəcə kəndlərin bizə təhvil verilməsindən sonra etirazların miqyası və intensivliyi artdı. Aydın məsələdir ki, müxalifət bu addımdan istifadə edərək Paşinyan və hakimiyyətinə qarşı təzyiq üçün istifadə edir. Lakin sual yaranır: Paşinyan yox, bir başqası olsa idi, torpaqlarını geri tələb edən və bunun üçün hər an döyüşməyə də hazır bir Azərbaycan qarşısında nə edə bilərdi?

Mən mövcud etiraz aksiyalarının müvəqqəti və məhəlli xarakterli olduğunu düşünürəm. Yəni Paşinyanı devirəcək nə bir inqilab var, nə də bu inqilaba dəstək verəcək xarici güc. Mümkündür ki, etirazlar bir müddət sonra səngiyəcək”.

Xəbər xətti