Hökumətin iqtisadi komandası öz qurduğu tələyə düşdü...

İQTİSADİYYAT bölməsi

14:35 - 29 Aprel 2024

 Hökumətin iqtisadi komandası öz qurduğu tələyə düşdü...

Hökumətin bacarıqsız iqtisadi komandası öz qurduğu tələyə düşüb – onlar rəqəmlərlə oynamağı, hətta “rəqs etməyi” xoşlayırlar axı, ona görə də, özlərinə sərf edən rəqəm görən kimi onu “uğur hekayəsinə” çevirirlər, sonrakı addımı düşünə bilmirlər.

Bir neçə dəfə publik çıxışlarımda demişdim ki, hökumət statistikanın təsnifatı ilə “oynayaraq” qeyri-neft ixracının rəqəmlərini şişirdirlər, məsələn, elektrik enerjisi ixracını qeyri-neft ixracı kimi təqdim edirlər (xatırlıyırsınızsa, dəfələrlə demişik ki, dünyada neft və qeyri-neft iqtisadiyyatı anlayıçı yoxdur, var resurs və qeyri-resurs iqtisadiyyatı anlayışı).

Keçən il, 2023-cü ilin ilk 3 ayında (yanvar-mart) hökumət rəsmi rəqəmlərlə elan etdi ki, ölkənin qeyri-neft ixracı 831 mln. dollar olub, bu ilin, yəni 2024-cü ilin eyni dövründə isə qeyri-neft ixracı cəmi 608 mln. dollar təşkil edib – eyni dövrlə müqaisədə 223 mln. dollarlıq ciddi bir azalma var. Tələ dediyim də məhz budur – çıxıb necə desinlər ki, biz elektrik enerjisinin satışını sevincək olub qeyri-neft kimi təsnifata saldıq, 2023-cü ilin ilk 3 ayında 281 mln. dollarlıq elektrik enerjisi ixrac etmişdik, amma bu ilin ilk 3 ayında isə cəmi 40 mln. dollarlıq elektrik enerjisi ixrac edilib –  241 mln. dollarlıq azalma var.

İndi bacarıqsız iqtisadi komanda necə desin ki, bəh-bəhlə təqdim etdikləri qeyri-neft sektorunun ixracı azalıb, yaxşı, bunu da keçdim, bəs kimsə çıxıb elektrik enerjisi istehsalı və ixracının nədən kəskin azaldığını izah edəcəkmi?! Heç biri olmayacaq, çünki nə deməyə sözləri, nə də vətəndaşa nəsə izah etməyə ehtiyacları var...

İqtisadçı-ekspert Natiq Cəfərli

Xəbər xətti