Bu millət vəkili 34 milyonu ölkədən qaçırdıb - Məhkəmə sübutu

GÜNDƏM bölməsi

21:41 - 31 Yanvar 2022

 Bu millət vəkili 34 milyonu ölkədən qaçırdıb - Məhkəmə sübutu

Dünyanın bir neçə aparıcı media qurumu deputat Cavanşir Feyziyevin xanımı, oğlu və digər doğması - Pərvanə Feyziyevaya, Orxan Cavanşirə və Elman Cavanşirə məxsus 15,3 milyon funt-sterlinq məbləğin İngiltərə banklarında dondurulması ilə bağlı xəbərlərə yer verib.

Yenipress.az xəbər verir ki, İngiltərə qanunvericiliyinə uyğun olaraq, vəsaitin “çirkli pul” olduğu şübhəsi ilə ötən ilin noyabrında bank hesabları dondurulub. Bu gün keçirilən məhkəmə prosesində isə ümumi vəsaitin 5,630,994.19 funt-sterlinqinin (12,8 milyon manat) müsadirə edildiyi bildirilir.

Məhkəmə ilə bağlı Azərtac da məlumat yayıb. Bildirilir ki, bu gün baş tutan məhkəmə prosesində 10 milyon funt-sterliq geri qaytarılıb, digər vəsaitlə bağlı isə “daha dərin araşdırmaya” ehtiyac yaranıb.

Bu, əlbəttə, qeyri-peşəkar ifadədir və müdafiə xarakterilidir. Çünki Azərtac-ın yaydığı elə eyni mətndə bildirilir ki, qalan vəsaitlə bağlı daha yuxarı məhkəmə instansiyasına müraciət ediləcək. Bu isə o deməkdir ki, London məhkəməsi vəsaiti - 5,631 milyon funt-sterlinqi müsadirə edib ki, iddiaçılar daha yuxarı instansiyaya müraciət etməyə hazırlaşırlar.

Amma problem bu xəbərlərin fərqli rakursdan təqdim edilməsində deyil.

Problem ondadır ki, hansı rakursdan işıqlandırılmasından, necə təqdim edilməsindən və Cavanşir Feyziyevin necə müdafiə edilməsi və yaxud vurulmasından asılı olmayaraq, Azərtac-dan xarici mediaya və sosial şəbəkələrə qədər, hamısı bir faktı təsdiqləyirlər: Cavanşir Feyziyev xanımı, oğlu və qardaşı oğlunun adına İngiltərə bankına ən azı – məhkəmənin təsdiqi ilə üzə çıxan - 34,2 milyon manat pul qoyub.

Bir millət vəkili bu xalqın xəstəliyindən (Cavanşir Feyziyev dərman şirkətləri ilə milyonlar yığıb) qazandığı milyonları niyə bu ölkədən daşımalıdır? Ölkənin deputatı niyə övladlarının adına xarici banklarda hesablar açmalı və ora milyonlar yerləşdirməlidir?

C.Feyziyev – millət vəkili öz ölkəsinə güvənmir, milyonlarını öz ölkəsinin banklarında saxlamır və xarici valyutaya çevirib, ölkədən daşıyır.

Bu, bir millət vəkilinin yalnız 3 doğmasının adına olan “şübhəli” vəsaitdir. Bəs, C.Feyziyevin daha nələri var və hansı ölkədədir, kimlərin adınadır?

Bir millət vəkili də qazancını ölkədən daşıyarmı? Bir deputat da yığdıqlarını ölkədə deyil, xarici banklarda saxlayarmı? Bir millət vəkili də ölkədən milyonlarla valyutanı bu cür çıxararmı?

Xəbər xətti