Şuşaya 20 sm qar yağmışdı, amma soyuq yox idi...

TOPLUM bölməsi

11:21 - 25 Yanvar 2022

 Şuşaya 20 sm qar yağmışdı, amma soyuq yox idi...

Həyatım boyu ən böyük arzularımdan idi Təbriz, Tiflis, Dərbənd və Şuşa!

Hamısında olmuşdum - Şuşadan başqa. Allahın qisməti imiş Şuşanı da görmək. Və ən əsası Şuşaya açılan ilk marşrutun sərnişini olmaq. Bu, tam başqa hissdir. Görməyənlərə qismət olsun.

Səhər tezdən Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksində avtobusun qarşısında Şuşa sözünü görəndə kövrəldim. Keçirdiyim hissləri ifadə edə bilmirəm.

Əslində həyatım boyu həsrətində idim avtobus üzərində bu sözün yazılmasını görməyin. Tələbə vaxtı Şuşa həsrətilə yaşadığım üçün Bakıda hər həftə ən azı 2-3 dəfə Şuşa Teatrına tamaşalara gedirdim, elə məhz Şuşa üçün.

Nəhayət, bu gün səhər bu çoxillik arzum gerçəkləşdi. Avtobusda bəzi dostlar məni qınadı da, başqa səfərlərdən imtina edib Şuşa səfərini seçdiyim üçün. Amma bu seçimin mahiyyətini mən bilirdim.

Səhər 06:30. Qarşısına qırmızı hərflərlə ŞUŞA yazılan avtobus Bakıdan yola düşdü. Yolda yatanlar var idi. Amma mən yata bilmədim. Çünki Şuşaya gedirdim. Yol boyu müxtəlif yol işarələri var idi - Ələt, Şirvan, Hacıqabul, Biləsuvar, İmişli, Füzuli... Amma yolda Şuşa, Zəfər yolu işarələri gördükcə kövrəlirdim. Çünki Şuşa mənə Məkkə, Mədinə qədər müqəddəsdir.

Şuşalı deyiləm, amma Şuşa adı mənim ürəyimdə daim əlçatmaz arzu olub. Bunu Şuşaya çatanda bir daha təsdiqlədim. Şuşa doğrudan da müqəddəs ocaqdır!

Zəfər yoluna çıxandan yolu çəkdim - hər qarışını, hər addımını. Hər dəqiqəsinə baxıb kövrəlirdim bu yolun. Bu yol bizi Şuşaya aparırdı. Və nəhayət, Şuşanın balasına - Daşaltına yaxınlaşanda dayana bilmədim. İlahi, Azərbaycan əsgərinin bu cəsarəti həqiqətən dastanlara sığmaz. O sıldırım qayalıqları Azərbaycan əsgəri döyüşə-döyüşə qalxıbmış. Biz rahat, supersalon avtobusla bu qayalıqların aşağısı ilə çəkilən asfalt yolla Şuşaya qalxınca yorulduq. Amma Azərbaycan əsgəri yolla deyil, meşə ilə, sıldırım qaya ilə, döyüşə-döyüşə çıxmışdı.

Və Şuşaya çatdıq. Şuşanın girişi ağappaq idi. Şəhəri ağ qar ağuşuna almışdı. Bu ağ libas həmin sıldırım qayalara dırmanaraq Şuşanı bıçaqla, süngü ilə işğaldan azad edən igidlərimizin, şəhidlərimizin ağ libası idi.

Bu ağ libas Şuşada canlarını fəda verən şəhidlərimizin kəfəni idi.

Yerdə təxminən 20 santimetrdən artıq qar var idi, amma sanki yaz havası idi. O ağırlığında qar Şuşaya soyuq, şaxta vermirdi. Sanki qar da, şaxta da şəhidlərimizin ruhu qarşısında yumşalmışdı, səssiz, təsirsiz idi. Şaxta da utanırdı sərtləşməyə. Qar da aqressiv, soyuq xasiyyətini unutmuşdu.

Şuşa erməni vandalizminə, vəhşiliyinə, qəddarlığına məruz qalsa da, məğrur dayanmışdı. Usanmamışdı, 30 ildə sahibsiz qalsa da, ümidini üzməmişdi. Sanki Şuşanın bu 30 ildə gözləri yol çəkirmiş, yiyəsini, sahibini gözləyirmiş kimi dayanmışdı.

Şuşa qalasına yaxınlaşırıq. Səssiz, şüursuz daşlardan ibarət qala necə qürurlu dayanıb, necə məğrur baxır ziyarətçilərə. Sanki bizə utanc olaraq  "30 ildir harda idiniz?" deyə hayqırırdı üzümüzə. Bizi utandırdı Şuşa qalası bu məğrurluğu ilə.

Hələ Gövhər Ağa məscidini demirəm. Hər iki minarəsi bizə çox məyus baxırdı.

Dünyanı səsi ilə lərzəyə gətirən dahi Bülbülün ev muzeyi sanki küsmüşdü bizdən. İçəri daxil olanda muzey Bülbülün güllələnmiş və işğaldan sonra hazırlanaraq həyətdə ucaldılan güllələnməmiş büstlərini təqdim etdi və "Heç utanırsınızmı?" deməklə bizə dərs verdi. Bu, əslində bizə həqiqi bir dərs idi. Bu o demək idi ki, 30 il gözləməsəydiniz, mən bu gün bu vəziyyətdə olmazdım. Bu, daş parçası olan büstlərin harayı idi bizə...

Cıdır düzünə gəldik - yetim Cıdır düzünə. 30 il vandal ermənilərin "at oynatdığı Cıdır düzü fəğanlıq edirdi sanki. Yağan qarın erməni təlxəyi, şoumen Paşinyanın Cıdır düzünün sinəsi üstündə oynadığı Azərbaycan yallısının çirkabını təmizləməsini də qəbul edə bilmirdi CIDIR DÜZÜ. Sanki Cıdır düzü də bizə acıqlı idi, o çirkabı qəbul etməmişdi.

Vaqifin Ev Muzeyi də yetim qalmışdı. Kimsənin üzünə baxmırdı. Elə kənardan dayanıb turistləri istehza ilə süzürdü. Yaxınlaşdıq, küsdü bizdən - həm Vaqif, həm də məqbərəsi. Çox soyuq baxdı üzümüzə.

Amma ümumilikdə hər şeyə rəğmən gülürdü Şuşa. Qara buludlardan azad olduğu üçün, uğrunda canından keçən cəngavərlərin cəsarətinə, Azərbaycan dövlətinin Şuşaya sahib çıxmağına, qanı, canı bahasına qəsbkarlardan geri qaytarılmasına sevinirdi qız-gəlin ismətli Şuşam. Azərbaycan igidləri Şuşanı vandallardan azad etdiyi üçün bağışladı bizi qız-gəlin namuslu Şuşam!

Salamat qal, gözəl Şuşam, 30 il əsarətdə namusunu bizlər üçün qoruyan Şuşam! Səni çox sevirəm, Şuşam! Sən bizimsən, sən bizim mərifətimiz, namusumuz, qeyrətimizsən, ŞUŞA!

Şuşa Azərbaycandır! Qarabağ Azərbaycandır!

Samir Əli

Xəbər xətti