UEFA bundan istifadə edib, Türkiyəyə cəza tətbiq edəcəksə… - Ekspert

İDMAN bölməsi

11:28 - 12 Dekabr 2023

 UEFA bundan istifadə edib, Türkiyəyə cəza tətbiq edəcəksə… - Ekspert

Bu hadisənin Türkiyə millisinə hansısa problem yaratmasına inanmıram. UEFA bundan istifadə edib, qardaş ölkəyə cəza tətbiq edəcəksə, bu haqsızlıq olacaq. Çünki bu, daxili işdir, Türkiyə futbolunun daxili problemidir. Bu, beynəlxalq matçda baş versəydi, o zaman veriləcək cəzalar məntiqli qarşılanardı.

Bu sözləri Yenipress.az-a açıqlamasında idman eksperti Kənan Məstəliyev Türkiyənin ”Ankaragücü” futbol klubunun prezidenti Faruk Kocanın baş hakim Halil Umut Melerə hücum etməsini şərh edərkən deyib.

“O ki qaldı Türkiyə futboluna təsirinə, mütləq olacaq. Orada ciddi problemlər var. Böyük maliyyələr böyük maraqlar deməkdir. Bu maraqlar uğrunda əməlli-başlı mübarizə gedir və bunun üçün hər cür - qanuni və ya qeyri-qanuni yollara əl atılır. İşə hakimlər də salınır, səhv və ya düz qərar vermələrindən asılı olmayaraq, çirkin oyunlara alət edilir. Bu isə yolverilməzdir. Başa düşmək lazımdı ki, Türkiyə futbolunun problemi təkcə hakimlik deyil. Bizdə də 90-cı illərdə belə problemlər vardı, amma biz bu işi həll edib, çətinliyi arxada qoya bildik. Başa düşdük ki, zor gücü ilə uğur qazanılması mümkün deyil. Türkiyədə futbolu idarə edənlər də bunu başa düşməli, bundan çıxış edərək inkişafa istiqamət götürməlidilər. Yoxsa heç nəyə nail ola bilməyəcəklər. Ümid edirəm ki, bu qalmaqal qardaş ölkə futbolunu silkələyib səhvlərdən nəticə çıxarmağa sövq edəcək”, - ekspert bildirib.

Qeyd edək ki, Türkiyənin “Ankaragücü” futbol klubunun prezidenti Faruk Koca ölkə çempionatında “Rizəspor”la oyundan sonra meydana qaçaraq hakim Ümid Melerin sifətinə zərbələr endirib.

Yenipress.az

Xəbər xətti