Benzin və dizelin qiyməti ilə bağlı qərar verildi

TOPLUM bölməsi

19:39 - 26 İyul 2022

 Benzin və dizelin qiyməti ilə bağlı qərar verildi

Tarif (qiymət) Şurasının iyulun 26-da keçirilən növbəti iclasında benzin və dizel üzrə təchizat tariflərinin müəyyən olunmasına dair Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) müraciətinə baxılıb və aparılan tarif dəyişikliyi benzinin və dizelin pərakəndə satış qiymətlərinə təsir göstərməyəcək və həmin məhsulların mövcud pərakəndə satış qiyməti dəyişmir.

Bu barədə Yenipress.az-a Tarif (qiymət) Şurasından bildirilib.

Məlumat üçün bildirək ki, Şuranın indiyədək qüvvədə olan qərarına əsasən, neft məhsulunun topdansatış tarifi (təchizat tarifi də daxil olmaqla) pərakəndə satış yerinədək daşınması ilə bağlı bütün xərclər daxil edilməklə tətbiq edilib. Təchizat tarifi isə özündə həm topdansatış məntəqələri üzrə saxlanılma və nəql xərclərini, həm də pərakəndə satış məntəqələrinə çatdırılma xərclərini birlikdə ehtiva etdiyi üçün subyektlər arasında xidmətin yerinə yetirilmə növündən asılı olaraq mübahisəli halların yaranmasına, maliyyə intizamının pozulmasına səbəb olub.

Məsələ ilə bağlı ötən müddət ərzində müvafiq təhlil işləri aparılmış və bu cür halların aradan qaldırılması məqsədilə benzin və dizel üzrə pərakəndə satış tarifi mövcud 1,0 manat/litr və 0,80 manat/litr səviyyəsində əvvəlki kimi saxlanılmaqla tarif zəncirində dəyişiklik edilərək topdasatış və pərakəndə satış üzrə təchizat tariflərinin ayrılıqda müəyyən olunması məqsədəuyğun hesab olunub. Belə ki, benzin və dizel üzrə mövcud 18 manat/ton topdansatış təchizat tarifi 20 manat/ton, yanacaqdoldurma məntəqələrinin mövcud 100 manat/ton marjası 108 manat/ton müəyyən edilmiş, həmçinin həmin məhsulların borular vasitəsilə nəqli tarifi 3 manat/ton səviyyəsində müəyyənləşdirilib.

Ölkə ərazisində vahid tarif siyasətinin həyata keçirilməsi məqsədilə neft məhsullarının Naxçıvan Muxtar Respublikasına çatdırılmasına topdansatış təchizat tarifindən artıq çəkilən xərclərin qarşılanması məqsədi ilə subsidiyanın ayrılmasına dair Maliyyə və İqtisadiyyat nazirliklərinin hökumətə təqdim etdiyi təkliflərinin razılaşdırıldığını nəzərə alaraq, bu qərarla təsdiq edilmiş tariflər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən maliyyələşmə məsələləri ilə bağlı qəbul ediləcək qərarla eyni tarixdən qüvvəyə minəcək.

Xəbər xətti