Elmar Vəliyevi güllələyən Yunis Səfərov aclığa başladı

KRİMİNAL bölməsi

14:15 - 26 Yanvar 2022

 Elmar Vəliyevi güllələyən Yunis Səfərov aclığa başladı

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə ittiham olunan Yunis Səfərov və daha 11 nəfərin cinayət işi üzrə məhkəmə araşdırması apelyasiya instansiyasında davam edir.

Yenipress.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə Yunis Səfərovun vəkili vəsatət verərək müvəkkili barəsində verilmiş ittihamların 29.120.1-ci maddəyə tövsif olunmasını istəyib.

Yunis Səfərov ona və digərlərinə mütəşəkkil dəstə halında birləşmə ittihamı verilməsinə görə bu ayın 23-dən etibarən aclıq aksiyasına başlayıb.

Cinayət işi üzrə digər təqsirləndirilən şəxslər və onların vəkilləri də birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini və müdafiə etdikləri şəxslərə bəraət verilməsini xahiş ediblər.

İttihama görə Yunis Səfərov və daha 11 nəfərə qarşı qəsdən adam öldürməyə cəhd, terror, qanunsuz silah saxlama da daxil olmaqla 30-a yaxın maddə ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxslərdən ikisi tutularkən polislərə müqavimət göstərdiyi üçün öldürülüb. Onların ailə üzvləri məhkəmədə hüquqi varis qismində iştirak edib.

Qeyd edək ki, həbs edilənlərdən yalnız Yunis Səfərov özünü qismən təqsirli bilərək deyir ki, Elmar Vəliyevin Gəncə camaatına göstərdiyi pis münasibətə görə onu öldürmək istəyib.

Xəbər xətti