Müəllimlər öz maaşlarını özləri kəsir! - Çıxış yolu budur

TOPLUM bölməsi

14:26 - 5 Oktyabr 2022

 Müəllimlər öz maaşlarını özləri kəsir! - Çıxış yolu budur

Yaponiya və Cənubi Koreya iqtisadi möcüzəsinin təməlini müəllimlər inşa etdilər. Günü bu gün də Yaponiyada ən nüfuzlu peşələrdən biri məktəb müəllimidir – dərs deməyə yeni başlayan müəllimlər 5900 manat maaşla işə qəbul olunurlar, məktəb müəllimlərinin orta maaşı 6985 manatdır, stajı 10 ildən çox olanların maaşı isə 8325 manatdan başlayır.

Cənubi Koreyada isə məktəb müəllimlərinin maaşı 4145 manatdan başlayır və hər staj ilinə görə artır.

Azərbaycanda məktəb müəllimlərinin sayı 140 min nəfərə yaxındır, onlardan 4439 nəfərin dərs yükü həftəyə 6 saat, maaşları 150 manatdır, 100 minə yaxın müəllimin dərs yükü isə 12-18 saat arasıdır, maaşları 400-600 manat arasıdır, 35561 müəllimin dərs yükü həftədə 18-24 saat arasıdır, onların maaşı isə 800-1000 manat arası dəyişir. Ölkədə məktəb müəllimlərinin orta aylıq maaşı 605 manat təşkil edir.

İstənilən ölkənin gələcəyinin təməli məktəbdə, təhsildə inşa edilir. Amma təhsil o vaxt effekt verir ki, iqtisadiyyatın tələblərini ödəsin, yəni, təhsilin əsas sifarişçisi məhz iqtisadi model olmalıdır, bunun üçün isə azad və rəqabətli iqtisadi modelə ehtiyac var, azad və rəqabətli iqtisadi model isə ədalətli məhkəməsiz mümkün deyil, ədalətli məhkəmə qurulması üçün isə normal seçkilərə ehtiyac var. Seçkiləri isə elə müəllimlərin əli ilə saxtalaşdırırlar, deməli, müəllimlər bu işdə iştirak etməklə elə öz maaşlarını, qazanclarını kəsirlər – ümumiyyətlə, müəllimləri seçki proseslərindən tam ayırmaq lazımdır, bu onların nüfuzuna da, ölkənin gələcəyinə də zərbə vuran amildir.

Hər bir halda müəllimlərin peşə bayramını təbrik edirəm!

Natiq Cəfərli

Xəbər xətti