Sahil Babayev hədəfinə çatır – arzusu gözündə qalsın!

GÜNDƏM bölməsi

14:32 - 18 May 2022

 Sahil Babayev hədəfinə çatır – arzusu gözündə qalsın!

Azərbaycanda 2022-ci il üçün əhali artımının statistikası açıqlanıb. İlk 3 ay üçün təbii artım 10,8 min civarındadır ki, bu da il sonuna 43 min artım demək olacaq.

Ciddi məsələdir. 2000-ci ildən bu vaxta qədər əhali artımında ən pis göstəricidir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin açıqlamasını xatırlayıram. Bu nazir açıq şəkildə demişdi ki, uşaqpulunun verilməsi əhalinin artımını stimullaşdırır, bizdə isə buna ehtiyac yoxdur.

Yəni adam rəsmi şəkildə elan etdi ki, əhali artımının azalması onun strateji hədəfidir. Onun pensiya “islahatlarına” bu baxımdan diqqət ayırmamaq mümkün deyil.

2018-ci ildə nazir təyin edilib, təyinatından bir il sonra isə nəinki uşaqpulunun verilməsi barədə təklifləri dəyərləndirib, əksinə, əlillərin pensiyasını kəsmək üçün hər şey edib. Bu nazir ildə yüzmilyonlarla pula “qənaət” edib, dövlət büdcəsinə qaytarmaqla fəxr edir – halbuki dünyanın heç bir yerində “kasıb-kusub nazirliyinə” ayrılan vəsaitin geri qaytarılması praktikası yoxdur - və nəticə özünü qısa müddətdə göstərib: 2020-ci ildə əhali artımı 50 min, 2021-də 52 min olub, 2022-ci ildə isə 43 min olacaq.

Yada salaq ki, hələ Azərbaycan əhalisinin sayı 8 milyon civarında olarkən, 2000-ci ildə təbii artım 70 min olmuşdu. Bundan sonra isə yalnız artan dinamika ilə inkişaf edib və 2010-2016-cı illərdə pik həddə qalxıb, 102-122 min civarında dəyişib. Yeni minilliyin ilk 19 ili üçün ən az artım 2018 və 2019-cu illərə aiddir ki, onda da 81 və 85 min olub.

Amma son 3 ildə kəskin enməni müşahidə edirik.

Bütün dünyada ölkələr əhali artımına xüsusi diqqət yetirir: əhali artımı dövlətin qüdrətidir, imkanlarıdır, insan resursu əsas meyardır. Biz Ermənistana uduzanda – Birinci Qarabağ savaşında 7 milyon civarında idik, Ermənistan əhalisi isə 3,8 milyona yaxın idi. Hər zaman fəxr etmişik ki, hazırda biz 10 milyondan çox, ermənilər isə rəsmi olaraq 2,8 milyon, qeyri-rəsmi isə 2 milyondan da azdır. İqtisadi qüdrətimizlə bərabər, əhali faktoru da İkinci Qarabağ savaşında özünü göstərdi.

Rusiya hər doğulan uşaq üçün böyük yardım paketini açıqlayıb, ailədə 2-ci, 3-cü uşağın doğulmasına görə isə daha ciddi dəstək göstərir, hətta o ailəyə ev belə bağışlayır. Məqsəd əhali artımına nail olmaqdır.

Türkiyə lideri Ərdoğanın da çıxışında qürrələndiyi faktların başında əhali sayı gəlir və yaxın müddətdə “100 milyonluq Türkiyə” sloqanını prioritet seçib.

Hələ dünyanın əhali baxımından ən böyük ölkəsi Çin… 1,4 milyard əhalisi olduğu halda, yenə doğuşa qoyulan məhdudiyyəti aradan qaldırdı.

İndi dünyada əhali artımı güc vasitəsindən birincisi hesab edilir.

Ancaq Azərbaycanda uşaqpulu verilməsinin doğuşları stimullaşdıracaq faktor olmasından əndişəyə düşən sosial müdafiə naziri var və bu nazir bütün vasitələrlə artımı məhdudlaşdırmağı qarşısına məqsəd qoyub: cəmi 3 ildə artımı iki dəfə azaldıb, yəqin ki, yaxın 3 ildə “mənfi saldoya” keçməsi ilə fəxr edəcək – Ermənistandakı kimi, bizdə də hər il əhali artımından yox, azalmasından danışacağıq.

Sahil Babayev hədəfinə çatır deyəsən – arzusu gözündə qalsın!

Kefsiz İsgəndər

Xəbər xətti