Naxçıvan istiqamətində silahlar işə düşdü: Ordumuz əməliyyatlara başlaya bilər

SİYASƏT bölməsi

10:31 - 2 Aprel 2024

 Naxçıvan istiqamətində silahlar işə düşdü: Ordumuz əməliyyatlara başlaya bilər

Ermənistan silahlı qüvvələri aprelin 1-i saat 22:00-dan 22:20-dək Dəvəli rayonunun Arazdəyən, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bundan əvvəl isə rəsmi İrəvanın sözügedən istiqamətə qoşun, hərbi texnika yığması barədə görüntülər yayılıb.

Yenipress.az xəbər verir ki, mövzunu Globalinfo.az-a şərh edən hərbi ekspert Ramil Məmmədli deyib ki, diqqətçəkən məqam Ermənistan ordusunun əvvəllər olduğu kimi, Qazax, Tovuz, Kəlbəcər, Zəngilan, Qubadlı, Laçın istiqamətindən deyil, həm də Naxçıvan istiqamətində təxribatlar törətməsidir:

“Bildiyimiz kimi, bu cür hallar Avropa İttiaqının (Aİ) müşahidə missiyasının nümayəndələrinin gözü qarşısında baş verir. Çünki onlar müşahidə missiyasını Ermənistan ərazisində həyata keçirirlər. Erməni təxribatlarına Aİ, ABŞ, Fransa tərəfindən mövqe nümayiş etdirilmir. Belə olan təqdirdə isə vəziyyət getdikcə gərginləşir və son nəticədə genişmiqyaslı olmasa da, ciddi lokal toqquşmalar ola bilər”.

R.Məmmədlinin sözlərinə görə, Azərbaycan Ordusu sərhədboyu bölgədə öz mövqelərini daha da gücləndirəcək:

“Ordumuz Ermənistan silahlı qüvvələrinin fəaliyyətini nəzarətdə saxlayır, tədbirləri gücləndirir. Əsas məqamlardan biri də odur ki, Azərbaycan Müdafiə Nazirliyi artıq bir neçə gün əvvəl sərhəd bölgəsində Ermənistan ordusunun yerdəyişmə etdiyini açıqlayıb, qüvvələrinin sayının artırılmasına dair açıqlama verib. Baş verən hadisələrə görə isə rəsmi İrəvanın məsuliyyət daşıyacağı qeyd edilib. Bu baxımdan Azərbaycan tərəfinin adekvat addımlar atma ehtimalı şübhəsizdir: Ermənistan ordusunun atəş mövqelərinin məhv edilməsi istiqamətində əməliyyatlar keçirilə bilər”.

Xəbər xətti