AB-nin səfirləri Lavrovla görüşdən imtina etdilər

DÜNYA bölməsi

12:23 - 5 Mart 2024

 AB-nin səfirləri Lavrovla görüşdən imtina etdilər

Avropa Birliyi ölkələrinin Moskvadakı səfirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrovla təklif olunan görüşdən imtina ediblər.

Yenipress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı Sergey Lavrova istinadən məlumat yayıb.

Lavrov avropalı diplomatlarla baş tutmayan görüşün Rusiyada keçiriləcək prezident seçkisinə həsr olunğunu deyib:

“Planlaşdırılan tədbirdən iki gün əvvəl Xarici İşlər Nazirliyinə səfirlərin görüşə gəlməyəcəyi ilə bağlı məktub gəlib. Səfirləri akkreditə olunduğu ölkənin naziri ilə görüşə gəlməkdən qorxan dövlətlərlə diplomatik səviyyədə münasibətləri təsəvvür edə bilərsinizmi? Belə bir şeyi harda görmüsünüz?”

Nazir bildirib ki, səfirlərlə AB ölkələrinin Moskvadakı səfirliklərinin prezident seçkisinə “hazırlaşdıqları” barədə toplanmış məlumatları müzakirə etmək, xüsusən də Rusiyanın sistemsiz müxalifətini dəstəkləmək və hansısa müdaxilə mexanizmlərindən istifadə etmək niyyətində olduqları barədə söhbət aparmaq istəyib.

O, xarici diplomatları bu cür hərəkətlərə qarşı xəbərdar etmək niyyətində olub, lakin onlar iştirak etməkdən imtina ediblər.

AB nümayəndəliyindən isə bildiriblər ki, imtinaya Rusiya XİN-ə inamın aşağı olması səbəb olub:

“Bizi AB ilə Rusiya arasında münasibətləri müzakirəyə dəvət etmişdilər, amma indi Lavrov deyir ki, məsələ bizə mühazirə oxumaqdan ibarət idi. Bu, dəvəti rədd etməkdə haqlı olduğumuzu sübut edir”.

Xəbər xətti