Azərbaycan bu halda KTMT-yə cəlb ediləcək – Politoloq

SİYASƏT bölməsi

15:30 - 11 Aprel 2023

 Azərbaycan bu halda KTMT-yə cəlb ediləcək – Politoloq

Prezident İlham Əliyev son bir həftə ərzində Orta Asiyanın iki respublikasına - Tacikistana və Qazaxıstana səfərə edib. Hər iki respublika Asiya nəhəngi Çinlə birbaşa sərhəddə və oradan keçən yolların üzərində strateji mövqeyə sahib olmaqla yanaşı, həm də Rusiya ilə eyni hərbi ittifaqın – KTMT-nin üzvləridir.

Yenipress.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şükürlü qeyd edib.

“Hazırda Ermənistanın Avropa Birliyinə qoşulmaq üçün KTMT-dən çıxmaq cəhdlərinin xeyli artdığı və Rusiya ilə münasibətlərinin kəskinləşdiyi ərəfədə Azərbaycanın bu ittifaqa daxil olan ölkələrlə ikitərəfli münasibətlərini istiləşdirməsi Azərbaycan-KTMT münasibətlərinə də yeni və həmişəkindən fərqli məzmun qatır. Məlumdur ki, Paşinyan hökumətinin etirazlarına baxmayaraq, Rusiya tərəfi KTMT silahlılarının Ermənistanla sərhəddə yerləşdirilməsində israr edir. Həmçinin, elə Paşinyanın aqibəti də xeyli dərəcədə bu qərardan asılıdır”, - politoloq bildirib.

Onun sözlərinə görə, gələcəkdə Azərbaycan ərazisində - Qarabağdakı rus sülhməramlıları da KTMT silahlıları ilə əvəzlənə bilər:

“Digər tərəfdən, “Taliban”ın Əfqanıstanda hakimiyyətə gətirilməsi Mərkəzi Asiya respublikalarının öz sərhədlərini qorumaq üçün Rusiyaya sığınmaq ehtiyacı yaratdığı kimi, nüvə silahı əldə etməyin bir addımlığında olan İranın Cənubi Qafqaz regionunda artan fəallığı, xüsusən də, Azərbaycanla gərginləşdirilən münasibətlər Kremlin təklif etdiyi təhlükəsizlik çətirini rəsmi Bakı üçün də xeyli cəlbedici edə bilər. Üstəlik, o amili də nəzərə almalıyıq ki, Rusiya hələlik Qoşulmama Hərəkatında təmsilçiliyə üstünlük verən Azərbaycanı özünün hökmran olduğu Avrasiya İttifaqında, həmçinin KTMT-də görmək istəyini dəfələrlə bildirib. Azərbaycan isə Ermənistanla problemlərin mövcudluğu şəraitində bunun mümkün olmadığını deyib.

Əgər Azərbaycan və Ermənistan arasında rəsmi Bakının təklif etdiyi şərtlər əsasında sülh müqaviləsi məhz Rusiyanın vasitəçiliyi ilə baş tutacaqsa, böyük ehtimalla, Azərbaycanın yenidən KTMT-yə cəlb edilməsi prosesi də aktuallaşacaq. Bu halda Rusiya, keçmiş SSRİ dönəmində olduğu kimi, yenidən İranla sərhədlərə özünün nəzarətini bərpa etmiş olacaq”.

Yenipress.az

Xəbər xətti