Azər Paşa Nemətov haqda artıq-əskik danışanlar… - Mehriban Xanlarova

GÜNDƏM bölməsi

14:30 - 10 Aprel 2023

 Azər Paşa Nemətov haqda artıq-əskik danışanlar… - Mehriban Xanlarova

Xəbər verdiyimiz kimi, xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru və direktoru Azər Paşa Nemətov 76 yaşında dünyasını dəyişib.

Yenipress.az xəbər verir ki, Azərbaycanın incəsənət xadimləri və ictimai şəxslər sosial şəbəkələrdə aktyorun ölümüylə bağlı paylaşım edib. Onlardan bir neçəsini təqdim edirik:

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva: “Azərbaycanın görkəmli teatr rejissoru, xalq artisti, Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri, Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru Azər Paşa Nemətov vəfat edib. Ulu Tanrı rəhmət eləsin. Ruhu şad, məkanı cənnət olsun”.

Xalq artisti Firəngiz Mütəllimova: “Əziz, dəyərli Azərpaşa müəllim. Allah sənə rəhmət eləsin. 3 gün bundan əvvəl teatrda görüşmüşdük. Şuşadan danışıb güldük. Heç kim bilmir bir saniyədən sonra başına nə gələcək. Heyf, sizi itirdiyimizə görə çox pis olmuşam. Məkanın cənnət olsun”.

Xalq artisti İlham Namiq Kamal: “Gözəl sənətkar, məktəb yoldaşım Azər Paşa Nemətovu da itirdik”.

Xalq artisti Mehriban Xanlarova: “Sosial şəbəkələrdə oxuyuram ki, bu gün dünyasını dəyişən və hələ dəfn olunmamış Azər Paşa Nemətov haqqında artıq-əskik danışırlar. Ölən insanın arxasınca artıq-əskik danışmaq insanlığa sığmır. Cəsarəti çatan sözünü çıxıb deyərdi! Kimsə öləndən sonra onun haqqında şirə dönmək qorxaqlıqdır! Bu ölümdən hamı üçün var! Kimə rəhmət düşür, ya düşmür Allahın biləcəyi işdir!”.

Aktyor Kamran Yunis: “O da öldü... İndi kim mən, mən, mən deyəcək?! Bəlkə də belə yazmaqda haqsızam, amma elə yaşayaq ki, rəhmət deyənlər çox olsun.

Fuad Poladovu teatrdan uzaqlaşdıran və ya son zərbə vurana mənim kitabımda sayqı yoxdur. Hələ teatrdan qovduğu həqiqi istedadlı gəncləri sadalamıram. İlham Hüseynov, Hikmət Rəhimov, Murad İsmayıl... Bu gənclər hərəsi bir teatrdır. Ustadınızdır, gedin yas tutun. Mənim dəyərlər sistemim belədir”.

Xalq artisti Məleykə Əsədova: “Azər müəllim yeriniz həmişə görünəcək! Teatrla nəfəs alırdız! Teatrı çox sevirdiz! Hazırladığınız tamaşalar, səhnə, aktyorlar sizin üçün darıxacaq! Bəs bundan sonra tamaşadan sonra oyunum haqqında gözəl fikirləri kim söyləyəcək? Axı oynadığım tamaşaların rejissoru siz idiz. Sonuncu gördüyünüz və alqışladıqınız “Cəhənnəm sakinləri” tamaşası oldu. Rejisorum, müəllimim, atam və böyük sənətkar kimi sizə çox böyük hörmətim və sonsuz sevgim var! Allah rəhmət etsin!”

Əməkdar artist Anar Heybətov: “Əlvida ustad. Allah sənə rəhmət eləsin!”

Aktyor Cavidan Novruz: “Məni teatra siz gətirmişdiniz Azər müəllim! Hər şey üçün təşəkkür edirəm! Hə birdə Ramiz Novruza salamlarımızı çatdırın!!!”

Yenipress.az

Xəbər xətti