Adil Əliyevdən Erkin Qədirliyə sərt sözlər

TOPLUM bölməsi

18:31 - 25 Yanvar 2023

 Adil Əliyevdən Erkin Qədirliyə sərt sözlər

Deməli əlindəki telefonla həm “operatorluq”, həm də “jurnalistik” etməyə çalışan birisi qarşısına keçən millət vəkillərindən birindən soruşub ki, “mənə bir deputatın adını çəkin ki, xalqın səsini qazanıb”. Özünü müxalifətin nümayəndəsi sayan həmin millət vəkili blogerliyə iddia edən “jurnalistin” sualına cavab verə bilmirsə, bu o demək deyil ki, bütün millət vəkillərinə qara yaxmalıdır.

Yenipress.az xəbər verir ki, bu sözləri deputat Adil Əliyev qeyd edib.

"Müxalifətdən olan millət vəkilinə verilən suala mən konkret cavab verirəm: “Adil Əliyevin necə millət vəkili seçildiyini və seçicilərinin problemlərinə necə yanaşdığını 20 saylı Nərimanov ikinci seçki dairəsindən öyrənə bilərsiniz. Bəli, mən seçicilərimin səsi ilə millət vəkili seçilmişəm”.  

Sözüm “mən özüm haqqımda deyə bilmərəm ki, demokratik yolla seçilmişəm” deyən millət vəkilinədir: “Demokratik yolla seçilmədiyinizi bildirirsinizsə, nədən Milli Məclisin işində iştirak edirsiniz? Uzaqbaşı cavab verə bilərdiniz ki, “başqasının yerinə danışa bilmirəm, ancaq mən demokratik yolla seçilməmişəm”. Özünüzün seçildiyinizə əmin deyilsinizsə, ümumilikdə Azərbaycan Parlamentinə niyə kölgə salırsınız? Axı Siz millət vəkili mandatıyla tək parlamentin işində iştirak etmirsiniz, ölkəmizi müxtəlif beynəlxalq təşkilatlarda təmsil edir, konfrans və seminarlara qatılırsınız. Sizin məntiqsiz cavabınız hazırki həssas məqamda Azərbaycana qarşı informasiya savaşını genişləndirən Ermənistan hakimiyyəti, erməni separatçıları, erməni lobbisi və onların arxasında olan mərkəzlərin işinə yarayır”, - deyə o əlavə edib.

Qeyd edək ki, deputat Erkin Qədirlinin bloger Mehman Hüseynovun “Hər deputata bir sual” layihəsindəki etirafı ciddi müzakirələrə səbəb olub.

Blogerin “Mənə Milli Məclisdə oturan bir deputatın adını deyə bilərsinizmi ki, o, xalqın səsi ilə parlamentdə oturub?” sualına E.Qədirlinin cavabı belə olub: “Vallah, bunu heç özün haqda da deyə bilmərəm. Demokratik seçki olsaydı, bunu əminliklə deyə bilərdim, amma bizim ölkəmizdə demokratik seçki yoxdur”.

Yenipress.az

Xəbər xətti