Zelenskinin ABŞ səfərinə cavab: Putin onu bu ölkəyə göndərdi

SİYASƏT bölməsi

16:48 - 23 Dekabr 2022

 Zelenskinin ABŞ səfərinə cavab: Putin onu bu ölkəyə göndərdi

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, Vahid Rusiya Partiyasının lideri Dmitri Medvedyev dekabrın 21-də Çinə səfər edərək bu ölkənin lideri Si Szinpinlə görüşüb. Medvedyev Rusiya Prezidenti Vladimir Putinin məktubunu Si Szinpinə çatdırıb.

Yenipress.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində bildirilib.

Qeyd edilib ki, Szinpin Dmitri Medvedyevlə görüşdə iki ölkənin hakim partiyaları arasında əməkdaşlığın dərinləşməsində maraqlı olduğunu bildirib:

“Onun sözlərinə görə, Çin Kommunist Partiyası Vahid Rusiya Partiyası ilə əməkdaşlığı genişləndirəcək. Ancaq yalnız bunu vurğualamaq üçün Pekinə səfər etməyin mənası yox idi.

Medvedyev Si Szinpinlə Pekində görüşərkən Ukrayna Prezidenti Vladimir Zelenski Ağ Evdə ABŞ Prezidenti Co Baydenlə görüşürdü. Kreml Medvedyevi Pekinə göndərməklə sanki Zelenskinin ABŞ-a səfərinin beynəlxalq aləmdəki reaksiyasını zəiflətmək istəyib. Buna baxmayaraq, Vladimir Zelenskinin ABŞ-a səfəri və Konqresdəki çıxışı Medvedyevin Pekinə səfərini kölgədə qoydu. ABŞ Ukraynaya maliyyə və hərbi dəstəyini artıracaq.

Medvedyevin Szinpinlə görüşündə ikitərəfli əlaqələrlə yanaşı Ukraynadakı müharibə də müzakirə olunub. Pekinin mövqeyi belədir ki, müharibənin dayandırılması və sülhün bərqərar olması vacibdir. Si Szinpin bildirib ki, müharibənin uzanması tərəflərdən heç birinə fayda gətirmir. Müharibəni və işğalı davam etdirən Rusiyadır. Pekin isə buna görə Kremli tənqid etmir, əksinə Rusiya ilə əməkdaşlığı genişləndirir.

Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyaları sərtləşir. Kreml belə vəziyyətdə dünyanın ən böyük bazarı olan Çinə daha çox neft və qaz satmağa çalışır. Pekin Rusiya neftinin və qazının idxalını artırmağa hazırdır, sadəcə qiyməti endirməyə çalışır.

Əsas sual budur: Putinin Si Szinpinə göndərdiyi məktubda nələr var?

Qərb ekspertləri məktubda Rusiya-Çin əməkdaşlığının bütün sahələrdə genişlədirilməsi vacibliyinin yazıldığını bildirirlər. Rusiyanın tərəfdaşlarının sayı azalıb. Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi çoxlarını Kremllə yaxınlıqdan çəkindirib, hətta Dehli belə Moskva ilə münasibətlərdə məsafə saxlamağa çalışır. Odur ki, Kremlin əsas ümidləri Çinədir. Kreml Ukraynaya qarşı işğalçı müharibədə Çini yanında görmək istəyir”.

Turanə

Xəbər xətti