Türkiyə bu siyasəti Bakıdan öyrənir - Ekspert

SİYASƏT bölməsi

11:44 - 22 Dekabr 2022

 Türkiyə bu siyasəti Bakıdan öyrənir - Ekspert

Prezident Əliyevin Balkan siyasəti bir çox böyük dövlətlərin bacarmadığı qədər mürəkkəbdir. Balkan - etnik, dini, siyasi cəhətdən kifayət qədər qarışıq regiondur. Hətta qlobal supergüclər də bu regionda sırf bəzi ölkələr ilə daha xüsusi əlaqələrə malikdir. Bəzi ölkələri dəstəkləyirlər, avtomatik olaraq digər ölkələr ilə soyuq, hətta bəzən düşmən münasibəti saxlamalı olurlar.

Yenipress.az xəbər verir ki, bu sözləri politoloq Turab Rzayev qeyd edib.

Politoloq Azərbaycanın bir çox ölkələrdən fərqli olaraq zidd qütblərdə olaraq tərəflərlə yaxın əlaqələr qura bildiyini bildirib:

“Azərbaycan bəlkə də yeganə ölkədir ki, onun bütün Balkan ölkələri ilə, həm də Mərkəzi və Cənub-Şərqi Avropa ölkələri ilə ən yüksək səviyyədə strateji münasibətləri mövcuddur. Eyni zamanda Xorvatiya, Serbiya, Bosniya, Albaniya, Bolqarıstan, Makedoniya, Monteneqro, Rumıniya və Macarıstan kimi ölkələr ilə müsbət, hətta strateji səviyyədə əlaqə saxlamaq çox nadir dövlətlərin xarici institutlarının bacardığı məsələdir. Belə səviyyədə ancaq ABŞ kimi superdövlətlər xarici siyasət yeridirlər. Bunun da səbəbi diplomatik qabiliyyətdən çox ABŞ-ın gücü ilə bağlıdır. Yəni ölkələr istər-istəməz superdövlətlərlə hesablaşmağa məcburdurlar, ona görə əlaqələr effektiv alınır. Hətta ABŞ belə Kosovaya görə Serbiya ilə, Rusiya ilə dərin münasibətlərə görə Bolqarıstan ilə, bəzən rusiyameyilli qüvvələr seçkidə qalib gəldikdə Makedoniyadakı hakimiyyət ilə yola getmir. Azərbaycan isə Kosovanın himayədarlarından Türkiyə ilə strateji müttəfiq olsa da, Serbiya ilə çox yüksək əlaqələri saxlanmağı bacarıb. Eynilə Serbiya ilə ulduzu heç cür barışmayan Albaniya Azərbaycanın Frankofoniya təşkilatında və BMT-də əsas müdafiəçilərindən biridir. Nə qədər qəribə görünsə də, bu yaxınlaradək Yunanıstan ilə də çox yüksək səviyyəli əlaqələrimiz mövcud idi. Türkiyə kimi regional güc də son illərdə Azərbaycan modelini mənimsəməyə, ənənəvi olaraq rəqib və ya düşmən sayılan Serbiya və Bolqarıstan ilə çox yüksək səviyyəli əməkdaşlıq qurmağa müəssər olub. Artıq Türkiyə də Kosova problemini Serbiya ilə münasibətlərdən kənar saxlamağı, bolqar türkləri problemini də Bolqarıstan ilə münasibətləri zədələməyəcək şəraitdə inkişaf etdirməyi bacarır”.

Yenipress.az

Xəbər xətti