Korrupsiya, “cibdən-cibə” köçürmələr daha da artacaq

İQTİSADİYYAT bölməsi

23:28 - 7 Dekabr 2022

 Korrupsiya, “cibdən-cibə” köçürmələr daha da artacaq

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə 50 min manatadək məbləğdə Azərbaycandan xarici ölkələrə və ya xarici ölkələrdən Azərbaycana qanunsuz köçürülməsini təşkil etmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi nəzərdə tutan qanun dəyişikliyini imzalayıb. Cinayət Məcəlləsinə də edilən yeni dəyişikliklərə əsasən isə 50 min manatdan yuxarı qanunsuz pul köçürmələrə görə həbs də nəzərdə tutulur – və bütün bunlar çirkli pullarla mübarizə, korrupsiyanın qarşısının alınması kimi çox ali məqsədlərlə izah edilir.

Yenipress.az xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli belə qadağaların, məhdudiyyətlərin çirkli pul dövriyyəsi və korrupsiya ilə mübarizədə heç bir effekt verədiyini bildirib.

“Əvvəla, sənəddə qanunsuz, qeyri-qanuni pul köçürmələr nə deməkdir – bunun aydın izahı və təsnifatı yoxdur. Deməli, nəzarətedici orqanlara bu əlavə fürsət verir ki, sadə vətəndaşları, iş adamlarını incitsinlər, yəni, bu tam tərsi, korrupsiyaya yol açacaq; ikincisi, bu addımın nəticəsi olaraq “cibdən-cibə”, “əldən-ələ” pul köçürmələri artıracaq. Heç kimə sirr deyil ki, ölkədə müəyyən sistem, şəbəkə qurulub ki, onlar vasitəsi ilə müəyyən faiz müqabilində Azərbaycandan dünyanın istənilən ölkəsinə istəlilən məbləğdə vəsaiti ötürmək mümkündür. Yeni qanun dəyişiklikləri “qara bazarı”, “qara pul köçürmələrin” həcmini xeyli artıracaq.

Bizim hökumət hələ də sovet düşüncəsi, o yanaşmanın inersiyası ilə davranır: SSRİ zamanı ən sərt qanunlar, cəzalar belə nə “alverçiliyin” (əslində alverçilər əsl biznesmenlər idi), nə də qara valyuta bazarının qarşısını ala bildi, çünki dünyada iki anlayışın – pulun və ideyanın qarşısını inzibati yollarla almaq mümkün deyil. Ağıllı ölkələr və sistemlər qadağan edə bilmədiyini idarə etməyə çalışır – bizim sistem isə buna qadir deyil...” – o qeyd edib.

Xəbər xətti