İtinə görə dostunu öldürdü - Dəhşətli qətlin təfərrüatı

KRİMİNAL bölməsi

10:24 - 27 Oktyabr 2022

 İtinə görə dostunu öldürdü - Dəhşətli qətlin təfərrüatı

Spirtli içkidən çılğınlaşan bir insan çox şeyə qadirdir. Təəssüf ki, bu "çox şey" yaxşı heç nə vəd etmir. Alkoqol bir çox insanlarda ən vəhşi hissləri oyadır ki, bu da onları dəhşətli işlərə sövq edir. Rusiyanın Yəhudi Muxtar Vilayətinin Leninskoye kəndindən olan 35 yaşlı Yevgenin törətdiyi hadisə də bunu təsdiqləyir.

ALKOLİK AQRESSİYA

Yevgeni 40 yaşlı dostu ilə eyni evdə yaşayırmış. Ötən il dekabrın 3-də o, dostundan evə gələndə itinə yemək almağı xahiş edib. Dostu isə onun xahişini unudub. Əvəzində evə bir qadın gətirib və onunla içki içib əylənməyə başlayıb. Bu zaman Yevgeninin qəzəbli baxışları ilə üzləşən qadın necə deyərlər, "dükanın tozlu olduğunu görüb aradan çıxıb".

Dostlar birlikdə ziyafəti davam etdiriblər. İtə yemək almadığına görə dostundan narazı qalan Yevgeni onu danlamağa, iradlarını bildirməyə başlayıb. Bu səbəbdən dostlar arasında mübahisə yaranıb və az sonra davaya çevrilib. Daha da aqressivləşən Yengeni əli ilə otaq yoldaşının başına bir neçə zərbə vurub. Bununla da onun ürəyi soyumayıb. Daha sonra o, baltanı götürərək, dostunun başına 15 zərbə endirib.

Həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Yevgeninin ayılması və nə baş verdiyini anlaması isə bir neçə saat çəkib. Ayılandan sonra o, anasına zəng edərək, cinayəti etiraf edib: “Ana, mən adam öldürdüm”. Bütün bu müddət ərzində Yevgeninin dostunun meyiti evin ortasında qalıb.

RƏSMİ

Qətl barədə hüquq-mühafizə orqanlarına Yevgeninin anası məlumat verib. Yevgeni saxlanılıb və onun barəsində “Qətl” maddəsi ilə cinayət işi açılıb. Yəhudi Muxtar Vilayətinin sakini əməlini etiraf edib və peşiman olduğunu deyib.

Yenipress.az Bakupost.az-a istinadən xəbər verir ki, Yəhudi Muxtar Vilayəti prokurorluğunun mətbuat xidməti istintaqın yekunu ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ciddi rejimli islah koloniyasında çəkilməklə 10 il müddətinə azadlıqdan məhrum edilib. Ona həmçinin azadlığının bir il müddətinə məhdudlaşdırılması cəzası təyin edilib.

Hökm hələlik qanuni qüvvəyə minməyib.

Xəbər xətti