Bu il vəzifəsindən azad edilən məmurlar - Siyahı

TOPLUM bölməsi

16:15 - 18 İyul 2022

 Bu il vəzifəsindən azad edilən məmurlar - Siyahı

Bu il yüksək vəzifədə çalışan məmurların bir neçəsi işdən çıxarılıb. Onların arasında başqa vəzifələrə təyinat alanlarla yanaşı işsiz qalanlar da olub.

Yenipress.az Unikal-a istinadən bu il vəzifəsindən azad olunan məmurların siyahısını təqdim edir:

İki gün əvvəl Prezident İlham Əliyevin sərəncamı ilə gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad edilib. Eks-sədr 20 ildən çox komitədə müxtəlif vəzifələrdə çalışıb.

Belə ki, 1999-2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük tariflərinin tənzimlənməsi şöbəsinin inspektoru, böyük inspektoru, Gömrük dəyəri şöbəsinin rəisi, həmin Baş İdarənin rəis müavini vəzifələrində işləyib. 2004-dən 2006-cı ilin fevral ayına qədər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, 2006-cı ilin fevral ayından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində xidmət edib. O, 23 aprel 2018-ci ildən 2022-ci il iyulun 16-na qədər komitə sədri olub.

Bu il vəzifəsini itirənlərdən biri də Rövnəq Abdullayevdir. Fevralın 10-da R.Abdullayev dövlət başçısının sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti vəzifəsindən azad edilib. O, 2005-ci ildən bu quruma rəhbərlik edirdi.

Prezidentin həmin gün imzaladığı digər sərəncamla R.Abdullayev iqtisadiyyat nazirinin müavini təyin olunub. o həmçinin, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidentidir.

Mayın 24-də Prezident İlham Əliyevin sərəncamı ilə  Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib. O, 2015-ci ildən ADY-nin rəhbəri idi. Dövlət başçısının həmin gün imzaladığı digər sərəncamla C.Qurbanov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin olunub. Eks-sədr həmçinin, Azərbaycan Voleybol Federasiyasının prezidentidir.

Cari ildə uzun müddət işlədiyi vəzifəni tərk edənlərdən biri də Elman Rüstəmov oldu. Belə ki, aprel 12-də Milli Məclisin plenar iclasında Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilib.

70 yaşlı E.Rüstəmov 1995-ci ilin yanvar ayından Mərkəzi Bankın rəhbəri idi. O, hazırda Baş nazir Əli Əsədovun müşaviridir.

2022-ci ildən iki icra başçısı da işdən çıxarılıb. Belə ki, yanvarın 19-də İradə Gülməmmədova Prezidentin sərəncamı ilə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

O, 2015-ci ilin sentyabr ayından bu vəzifəni tuturdu. İ.Gülməmmədova 2006-2014-cü illərdə Abşeron rayon İcra Hakimiyyətinin başçısının müavini, 2014–2015-ci illərdə isə birinci müavin vəzifələrində işləyib.

Fevralın 28-də isə Prezidentin sərəncamıyla Mehdi Səlimzadə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub. Mehdi Səlimzadə bu vəzifəyə 2016-cı il iyunun 10-da təyin edilmişdi.

Xəbər xətti