Bakıda 45 min ailənin AYNAsını qırdılar

GÜNDƏM bölməsi

12:27 - 9 Aprel 2024

 Bakıda 45 min ailənin AYNAsını qırdılar

Nazirliyin bir neçə aydır taksilərə qarşı apardığı barışmaz mübarizə özünün ən sərt müstəvisinə iyul ayında keçəcək. Taksilərə tələb qoyulur: rəng, il, lisenziya, sürücülərin təlimi və s. və i.a.

Əlbəttə ki, bütün bunlar taksiləri azaltmağa xidmət edir. Nazirlik bunu gizlətmir də, açıq şəkildə etiraf edir ki, Bakıda 65 min taksini 20 minə endirmək istəyir. Guya bu, Bakıda tıxacları aradan qaldırmaqla yanaşı, taksi xidmətinin keyfiyyətini də qaldıracaq.

Əslində, taksilərlə bağlı ciddi problemlər var: taksi sürücülərinin qeyri-peşəkarlığı, narkotik istifadəçilərinin bu “peşəyə” meyillənməsi, köhnədən-köhnə avtomobillərin taksidə istifadəsi, sürücü nəzakətsizliyi, həddən artıq çirkli maşınlarla “xidmət”dən tutmuş digər çatışmazlıqlara qədər.

Bunlar aradan qaldırılmalıdır və nazirliyin bu istiqamətdə aktivləşməsi olduqca müsbətdir. Ancaq alınan qərarlarda “absurdizm” adlandırıla biləcək məsələlərdən qaçmaq lazımdır.

1. Əgər bir avtomobil texniki baxışdan uğurla keçirsə və nişan alırsa, yəni onun Bakıda və Azərbaycanın yollarında hərəkət etməsi üçün heç bir texniki nasazlığı olmadığı haqda sənəd verilirsə, hansı məntiqlə həmin avtomobil taksi xidməti göstərə bilməz?

Guya təzə maşın olmalıdır ki, insan həyatına təhlükə yaratmasın və s. Onda texniki baxışdan keçən “təhlükəli” avtomobildə bir ailənin gəzməsi normaldır, yəni qəzaya düşüb ölsələr də problem yoxdur, ancaq bir sərnişinin daşınması yolverilməzdir?

2. Taksilərdə Avro-5 standartının tətbiqi başlayır. Azərbaycanda Avro-5 yanacaq istehsal olunurmu? Ölkədə Avro-5 standartına uyğun olan maşınların ümumi kütləsi neçə faizdir?

3. Yeni tələbə görə, yaşı 8 ildən çox olmayan, bəlli tələblərə cavab verən maşınlar 30 min manatdan başlayır. Həmin avtomobilləri almaq imkanında olan şəxslərin taksiliyə ehtiyacı olduğu dəqiq hesablanıbmı?

4. Taksi fəaliyyəti – Bakıda həm də məşğulluq problemini həll edir, bir çoxuna gündəlik ümid verir. Əksəri evdən qazanc üçün çıxır və axşama qədər çalışır və yaxud evinin yanında müştəri gözləyir. Yəni gününü ümidlə başa vurur. 45 min insanı və deməli, 45 min ailəni bu ümiddən məhrum etmək kimə və nəyə lazımdır?

5. İllah ki, COP29-a görə bu addımlar atılır – necə ki, 2015-ci ildə Bakıda marşrut Avropa Oyunlarına hazırlıq çərçivəsində yüksək səviyyəyə qalxdı – onda dövlətin ciddi dotasiya və dəstəyinə ehtiyac var. Tələblərə cavab verən sürücülərə hansı güzəştlər tətbiq edilir? Nazirlik tələb etdiyi avtomobilləri ölkəyə gətirib, tələblərə cavab verən sürücülərin köhnə maşınlarını özü alıb, qiymətin bir hissəsini özü ödəyib, digər hissəsini uzunmüddətli və faizsiz kreditlə həmin sürücüyə niyə təklif etmir?

Digər məsələ:

Paytaxtda ən gözəl, müasir avtobuslar “Bakı Bus”a aiddir ki, bu avtobuslar da ölkəmizə 2015-ci ildə gətirilib. Yəni ən azı 9 yaşı var – bu, hələ ən yaxşılarına aiddir. “Bakı Bus”a aid olmayan nə qədər avtobus var ki, onların yaşı 15-20 ili aşır!

Demək, 8 ildən çox yaşı olan maşınla 1 sərnişini daşımaq olmaz, ancaq 15-20 ilin avtobusuna 50 sərnişini yığıb daşımaq olar?

Başqa iradlar da var:

Niyə insanlar, məsələn, tıxacda zülm çəkməyə razı olur, ancaq gül kimi metrodan istifadə etmir? Niyə insanlar daha ucuz, konfortlu avtobusları qoyub, 15 yaşlı köhnə, bəzən çirkli və bahalı taksilərə üstünlük verir?

Taksilərin sayını azaltmaq üçün metrodakı sıxlığın çarəsini tapmaq lazımdır. İnsan bəzən pik saatlarda 3-4 qatar buraxmağa məcbur olur, minmək üçünsə əsl mücadilə, daha doğrusu, müharibə aparır. Bir görsəniz pik saatlarda metrolarda hər gün necə basabas, sıxlıq olur? İnsanlar bir-birinin üstündə gedir.

Avtobuslar da eləcə - intervala nəzarət yox, “sıxlıq” bəhanəsi ilə 50 dəqiqədən sonra 3-4 eyniistiqamətli martşrutun dayanacağa gəlib də, qəfil də getməsi və s.

Taksilərin sayını azaltmaq təbii yolla olmalıdır: ictimai nəqliyyatı yüksək səviyyəyə qaldırın, görün taksiyə minən olacaqmı? Hətta öz maşınından istifadə edənlərin sayı kəskin azalacaq – necə ki, Türkiyədə belədir.

Taksilərə qoyulan tələblər isə Bakının gözəlləşməsinə, xidmətin yaxşılaşmasına gətirib çıxarmalıdır - daha minlərlə insanı-ailəni bir parça çörəkdən məhrum etməyə yox.

Nazirliyin istəyinin “ülvi” olduğuna sidq ürəkdən inanmaq istəyirəm. Ancaq tələb və qaydaların bu “ülviyyətə” yaman kölgə saldığını mütləq diqqətə çatdırmalıyam.

Axar.az, Şeyx Teymur

Xəbər xətti