Baş Prokurorluq məlumat yaydı: Əhməd Əhmədovun etirafı...

KRİMİNAL bölməsi

16:08 - 3 Aprel 2024

 Baş Prokurorluq məlumat yaydı: Əhməd Əhmədovun etirafı...

13:21

Ailə üzvlərini qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovun ekspertiza rəyi hazır deyil.

Yenipress.az xəbər verir ki, bu barədə TV Müsavata istintaqdakı mənbələr bildirib. 3 həftə boyunca davam edən ekspertiza hələlik onun psixi durumu ilə bağlı yekun rəyə gələ bilməyib. Ə.Əhmədov hazırda 1 saylı İstintaq Təcridxanasında saxlanılır.

Məlumata görə, Ə.Əhmədov məhkəmədə sensasion etiraflar edib. Belə ki, ilkin istintaqda danışmaqdan imtina edən və özünün gərgin psixoloji durumda olduğunu nümayiş etdirməyə çalışan Ə.Əhmədov məhkəmədə ailə üzvlərini məqsədli şəkildə qətlə yetirdiyini boynuna alıb. Buna səbəb kimi atasının ailəyə məxsus mənzili bacısına verməsini göstərib. Ə.Əhmədov məhkəmədə bildirib ki, Rusiyada yaşayan ərindən boşanaraq Bakıya gələn bacısı öncə valideynlərinə məxsus evdə, onlarla  birgə yaşayıb, sonra isə atası ailəyə aid olan evlərdən birini bacısına verib. Ə.Əhmədovla valideynləri arasında ilk mübahisə o zaman başlanıb. Ə.Əhmədov bildirib ki, ailənin böyük oğlu olaraq buna qarşıdır və qız övladın, yəni, bacısının bu evlər üzərində heç bir haqqı yoxdur. Valideynləri ona da ayrıca ev aldıqlarını, hətta hazırda yaşadıqları evin də gələcəkdə Ə.Əhmədova veriləcəyini desələr də bu, onu sakitləşdirməyib.

Ə.Əhmədov məsələni dəfələrlə bacısı ilə danışıb çözməyə çalışıb. Amma bacısı yaşca ondan böyük olduğunu və ərindən ayrıldığı üçün evsiz-eşiksiz qaldığını əsas gətirərək, ona bu məsələyə qarışmamasını söyləyib. Beləcə, bacı-qardaş arasında bir neçə dəfə ciddi münaqişə yaranıb. Valideynləri isə qızlarına əsla Əhmədlə bir araya gəlməməsini, onunla bu söhbətləri telefon xaricində etməməsini tapşırıblar. Amma qətldən bir gün öncə Ə.Əhmədov son sözünü atasına söyləyib və “mən bu işi burda qoymayacam” deyib.

Ə.Əhmədovun məhkəmədəki bu etirafı isə onun ailəsini qətlə yetirməsinin məqsədli bir plan olduğunu üzə çıxarıb. Məhkəmədə Ə.Əhmədovun planlı şəkildə, intiqam məqsədilə ailə üzvlərini qətlə yetirdiyini etiraf etməsi istintaqın gedişinə də təsir göstərəcək kimi görünür. Belə ki, Ə.Əhmədov ifadəsində əsla “özümdə deyildim”, “necə oldu bilmirəm” kimi fikirlər səsləndirməyib. Ailə üzvlərini mərhələli şəkildə, bir-bir, ardıcıllıqla öldürməyi necə planlaşdırmışdısa, o cür də qətlə yetirdiyini etiraf edən Ə.Əhmədovla bağlı ekspertizanın rəyi də birmənalı deyil. Ekspertlərin ilkin qənaətinə görə, burada psixoloji pozğunluq, affekt halında cinayət törətmək kimi bir hal yoxdur. Təqsirləndirilən şəxsin şüurlu etirafı isə onunla bağlı sualları arxa plana qoyub. Belə ki, burada söhbət xüsusi amansızlıqla, məqsədli şəkildə serial qətldən gedir.

***

Bəzi media subyektləri və sosial şəbəkə istifadəçiləri tərəfindən fevral ayının 13-də bir ailənin 5 nəfər üzvünün qəsdən öldürülməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxs Əhməd Əhmədovun guya məhkəmədə verdiyi ifadənin detalları yayımlanıb.

Bu barədə Baş Prokurorluq açıqlama yayıb.

Bildirilib ki, ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən tərəfimizdən qəti şəkildə təkzib olunur.

Diqqətə çatdırılıb ki, qeyd olunan “ifadə”nin məzmunu Əhməd Əhmədovun ibtidai istintaqı aparan Xətai rayon prokurorluğunda dindirilərkən, eləcə də məhkəmə tərəfindən həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatına baxılan zaman məhkəmə iclasında verdiyi ifadə ilə eynilik təşkil etmir.

"Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirilməmiş və təhrif olunmuş məlumatların ictimailəşməsindən çəkinməyi bir daha xahiş edirik", - deyə açıqlamada qeyd olunub.

Xəbər xətti


Digər xəbərlər