Bakı küçələri özlərini apara bilməyən təhsillilərlə doludur - Psixoloq

TOPLUM bölməsi

14:51 - 21 Fevral 2024

 Bakı küçələri özlərini apara bilməyən təhsillilərlə doludur - Psixoloq

Valideynlərin ali təhsil yönümlü olması yaxşı bir hal deyil. Bu o deməkdir ki, bəzən uşaq istəmədiyi bir həyata doğru itələnir və bütün ömrü boyu sevmədiyi işlə məşğul olacaq. 

Yenipress.az xəbər verir ki, bu sözləri psixoloq Fuad Əsədov qeyd edib.

F.Əsədov bildirib ki, insanlar axmaq görünməkdən çox əskik görünməkdən qorxur:

“Hər kəs universitet oxumalı deyil. Kimsə musiqiçi, ya da rəssam olmaq istəyirsə, ora yönlənə bilər. Amma "hamının uşağı universitet oxuyur, mənim uşağımın onlardan nəyi əskikdir" düşüncəsi ağlın eqoya uduzmasını təmin edir. Valideynlər bir çox hallarda uşaqların təhsilinə daha çox fokuslanırlar, nəinki tərbiyəsinə. Az valideyn övladı ilə vicdan, mənəviyyat və empatiya haqqında mütəmadi danışır. Amma təhsillə bağlı hər gün məsləhət verir. Buna görə də, Bakının küçələri təhsilli, amma özlərini apara bilməyən insanlarla doludur. Bütün bu yerə zibil atanların, küçədə qışqıraraq danışanların, yol hərəkəti qaydaları pozanların, sinemada və teatrda telefonun işığını gözümüzə soxaraq çəkiliş edənlərin, növbəni pozanların əksəriyyəti təhsilli insanlardı. Mədəniyyət və etika xaricində bir çox şeyi də bilirlər”.

F.Əsədovun sözlərinə görə, indiki uşaqların əksəriyyəti sevgisiz böyüyür:

“Valideynlərin uşaqları telefon və planşetlərin qoynunda sevgisiz qoyur. Belə olan halda uşaq ya ərköyün, ya da diqqətdən kənar böyüyür. Sevgi hiss etmir. Ona görə də empatiya qura bilmir. Başqalarını hiss edə bilmir. Bir uşağın ağlayaraq "nolar, saçlarıma dəymə" deməsindən sonra digər uşaq onun saçlarını kəsirsə, bu çox böyük problemdir. Bilirsiniz, Əhmədlər elə belə yetişmir. Əhmədlər adam öldürməzdən əvvəl kimisə təhqir edir, sonra vurur, sonda isə yaralayır...Və sonra bir gün bütün ölkə sarsılır”.

Sevil

Xəbər xətti