Prezidentdən sensasion mesaj: Andiçmə zamanı elə bir söz işlətdi ki...

SİYASƏT bölməsi

11:48 - 15 Fevral 2024

 Prezidentdən sensasion mesaj: Andiçmə zamanı elə bir söz işlətdi ki...

Prezident İlham Əliyevin andiçmə mərasimində çıxışı 10 yanvar 2024-cü ildə yerli mediaya müsahibəsindəki yol xəritəsinin incəliklərinin və dəqiq müəyyən edilmiş prioritet istiqamətlərin elanı baxımından olduqca mühümdür.

Yenipress.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camal 14 fevral 2024-cü ildə Prezident İlham Əliyevin andiçmə mərasimindəki çıxışına münasibət bildirərkən deyib.

Politoloq bildirib ki, çıxış andiçmə mərasimi üçün nəzərdə tutulan qəliblərdən tamamilə kənara çıxmaqla, yalnız keçilən dövrün hesabatı və vədlər deyil, bütövlükdə strategiya, ideologiya və xarici-daxili siyasət prioritetləri üzərində qurulmuşdu:

“Prezident İlham Əliyev gələcək fəaliyyət üçün irihəcmli proqramı elan etdi və burda olduqca incə məqamlar vardı. Ən diqqətçəkən məsələlərdən biri hətta Ermənistanla sülh sazişinin imzalanmasında “Azərbaycanın tələsməsi” barədə iddiaların qətiyyən doğru olmadığının ifadəsi idi. Prezident Ermənistanın sülh sazişini uzatmaq üçün manipulyativ siyasətinin onun özünə ziyan vuracağına işarə edərək, milli maraqlar baxımından heç bir güzəşt olmayacağının anonsunu verdi. Beləliklə, sülh danışıqları üzərindən Azərbaycana təzyiqlər göstərməyə cəhd edənlərə açıq mesaj verildi: heç bir halda şərtlər qəbul edilməyəcək və təzyiq altında hər hansı sülh bağlanmayacaq”.

Politoloqun sözlərinə görə, bu bəyanatın praktik elanı 13 fevralda Dövlət Sərhəd Xidmətinin keçirdiyi qisas əməliyyatında verilmişdi:

“12 fevralda – seçkilərdən dərhal sonra Azərbaycana qarşı törədilən təxribat sanki “nəbz yoxlamağa” hesablanmışdı: Seçkidən bir gün sonra AB Şurası Prezidenti Şarl Mişelin zəngi və danışıqları Brüsseldə davam etdirmək xahişinin müsbət cavablandırılması yeni perspektiv vəd edirdi. Lakin Ermənistan və onun arxasındakı güclər Azərbaycanın müsbət reaksiyasından öz maraqları üçün istifadə etmək, Mişelin vasitəçiliyi ilə mümkün görüşdə gündəm müəyyənləşdirmək və müzakirə mövzusu “tapmaq” planı qurdular. Sərhəddə yaradılan süni gərginlik bir tərəfdən Azərbaycan Prezidentinin aylardır sərhəddə heç bir insident olmaması sözünə qarşı yönəlmişdisə, digər tərəfdən qoşunların güzgülü halda geri çəkilməsi təklifini aktuallaşdırmaq və “bir-birinə hücum etməmək barədə saziş” kimi absurd təşəbbüsü gündəmə gətirmək üçün idi. Təsadüfi deyil ki, Nikol Paşinyan Britaniya nəşrinə müsahibəsində hətta belə bir sazişin bağlandığı haqda “irəligedən” yalan da danışmışdı. DSX qisas əməliyyatı ilə Azərbaycanın bu cür manipulyasiya və təzyiq cəhdlərinə necə reaksiya veriləcəyini meydanda göstərdi, Prezident isə bu qisasın arxasında siyasi iradəsinin olduğunu və bunun masada da ən sərt şəkildə qorunacağını andiçmə mərasimində bütün dünyaya elan etdi”.

Aynur Camal Prezident İlham Əliyevin xarici siyasət prioritetləri baxımından olduqca mühüm bir istiqamətə toxunduğunu da bildirib:

“AŞPA-nın qeyri-konstruktiv, ermənipərəst və antiazərbaycan mövqeyindən sonra Azərbaycanın “Rusiya mövqeyinə sıxışdırılması” haqda qəribə bir rəy yaranmışdı və bəzi politoloqlar dünyanın şəkilləndiyi, ölkələrin tərəflərini bəlli etdiyi bir vaxtda Bakının istəyib-istəməməsindən asılı olmayaraq, “qütblərdən birinə” yerləşdirilməsinə çalışıldığını iddia edirdilər.

İlham Əliyev isə “bizim ailəmiz türk dünyasıdır” deyə açıq, dürüst və konkret bir mövqe ortaya qoydu. Əlbəttə ki, bu, qonşularla yüksək səviyyəli münasibətlərin qorunub saxlanması və inkişaf etdirilməsinə mane olmur. Ancaq İlham Əliyev Azərbaycanın hazırda düzənlənən dünya nizamındakı yerini qəti göstərdi. Prezident qeyd etdi ki, bu, böyük coğrafiya, hərbi güc, iqtisadi potensial, təbii sərvətləri olan, logistik əhəmiyyət daşıyan və nəqliyyat dəhlizlərinin keçdiyi öz ailəmizdir.

“Bizim başqa ailəmiz yoxdur” sözünün siyasi çəkisi isə misilsizdir. Beləliklə, “Avropa ailəsi” düşüncə tərzinə qarşı ilk dəfə olaraq İlham Əliyev “Türk ailəsi” terminini siyasi kontektdə leksikona daxil etdi və bu, təsadüfi deyil.

Xatırlayaq ki, ilk dəfə 2009-cu ildə bu istiqamətdə əhəmiyyətli addım atılmışdı, məhz Naxçıvanda türk dövlətlərinin sammiti keçirilmişdi. Yəni Azərbaycan bu tarixi, milli, dil və din birliyi olan ailənin formalaşması üçün hələ illər öncə strategiya hazırlamışdı, indi isə dünyanın qarşıdurma tərəflərindən birinə çevrilən və rifah yox, bir qrup ölkənin əlində siyasi-hərbi təsir rıçağı kimi istifadə edilən, qeyri-obyektiv, qərəzli qərarları ilə şantaj vasitəsinə çevrilən “Avropa ailəsi”nin qətiyyən hədəfimiz olmadığını və alternativin olduğunu göstərdi”.

Politoloqun sözlərinə görə, yaxın dönəmdə türk ölkələri arasında inteqrasiyanın sürətlənəcəyinə cəmiyyət olaraq hazırlaşmalıyıq:

“Prezident ailəmizin harada olduğunu siyasi baxımdan da elan etdi, indi ictimai təşkilatlar, media olaraq bu istiqamətdə fəaliyyətimizi gücləndirməyimiz tələb olunur. Xüsusilə Orta Asiya ölkələri ilə ünsiyyətin genişlənməsi, ortaq ictimai layihələr, qeyri-hökumət sektorunun bu istiqamətə əhəmiyyətli dərəcədə yönəlməsi prioritetimizə çevrilməlidir”.

Aynur Camal onu da vurğulayıb ki, həm müdafiə sənayesi, həm də sərhədlərin qorunmasında fərqli strukturun formalaşması da Prezidentin hədəflərindən biridir:

“O cümlədən 2020-ci il 10 noyabrıdan sonra başlayan irimiqyaslı quruculuq işlərinin və azad edilən ərazilərdə məskunlaşmanın yeni dönəmdə daha sürətli hal alacağı da bəlli oldu. Qarşıdakı 7 ildə bu prosesin böyük bir hissəsinin tamamlanmasını gözləyə bilərik. Qarabağ və Şərqi Zəngəzur regionunun ölkə iqtisadiyyatına inteqrasiyası ilə yeni iqtisadi fürsətlərin ortaya çıxacağı da şübhəsizdir”.

Politoloq onu da xatırladıb ki, neft və qaz sənayesi ilə bağlı Prezidentin fikirləri həm də xarici güclərə növbəti mesaj idi:

“Əlbəttə ki, Azərbaycanın neft-qazdan asılılığının azaldılması istiqamətində fəaliyyəti güclənir və davam edəcək. Buna baxmayaraq, Prezident İlham Əliyev neft və qaz potensialının hansı səviyyədə olduğunu statistika ilə vurğulamaqla, Azərbaycanın hələ uzun onillər Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacağına işarə etdi, həmçinin bu, “Avropa ailəsi”nin “Türk ailəsi”ndən logistika, dəhlizlər, enerji də daxil olmaqla, çoxsaylı asılılığına vurğu idi. Yəni dünyanın “Bizim ailə”yə ehtiyacı var, bizim deyil”.

Xəbər xətti