DSX zərbə endirən kimi AB missiyası qaçdı... - Verdiyev

SİYASƏT bölməsi

14:12 - 13 Fevral 2024

 DSX zərbə endirən kimi AB missiyası qaçdı... - Verdiyev

Ordumuz Ermənistanın dünənki təxribatına qisas əməliyyatı ilə layiqli cavab verərək atəşin gəldiyi postu yerlə-yeksan etdi.

Bu sözləri Yenipress.az-a Ermənistanın törətdiyi son təxribat və ona cavab olaraq Ordumuzun keçirdiyi qisas əməliyyatı haqqında danışan hərbi ekspert Ədalət Verdiyev deyib.

Hərbi ekspert son təxribatın hazırlanmasında AB-nin də iştirakına diqqəti çəkib:

“Cənab Ali Baş Komandan da televiziya kanallarına son müsahibəsi zamanı təhdid gələcəyi təqdirdə Azərbaycanın lazımi cavabı verməkdən zərrə qədər çəkinməyəcəyini bütün dünyaya açıq şəkildə bəyan edib. Lakin görünən odur ki, Paşinyan və ətrafındakılar, onların başlarını sığallayanlar verilən mesajdan dərs çıxarmayıb. Ancaq həm Ermənistan, həm də sözügedən təxribatın hazırlanmasında barmağı olan AB Şanlı Ordumuzun ən sərt cavabı belə verməkdən çəkinməyəcəyinə, heç bir əsgərimizin, zabitimizin qanının yerdə qoymayacağına əmin olmalıdır. Çünki bu bizim üçün Vətən, şərəf və ləyaqət məsələsidir. Belə məsələlərdə geri addım olmur”.

Ədalət Verdiyev yenidən müharibənin başlaması halında heç bir qüvvənin Ermənistanı müdafiə edə bilməyəcəyini vurğulayıb:

“Rəsmi İrəvan da AB missiyasının etdiklərini görməlidir. Nə etdilər? – Erməni hərbçilərini qızışdırdılar, vəziyyət qarışan kimi isə aradan çıxdılar. Nəticəsi nə oldu? – Azərbaycanın güclü cavab zərbəsi ilə erməni əsgərləri və postu məhv edildi. Bilməlidirlər ki, dövlətimiz nəyin bahasına olursa olsun, bir addım da geri çəkilməyəcək və yenə müharibəyə başlasalar, başlarını sığallayan AB yenə onları ortalıqda sahibsiz qoyub öz canının hayına düşüb qaçacaq. Heç kim Azərbaycanla ultimatum dili ilə danışa, hansısa təxribatlarla dövlətimizi qorxuda bilməz. Biz öz ölkəmizdə sülh içində sakit yaşamaq istəyirik. Ancaq bunun da çox zaman döyüşməyə hazır olmaqdan keçdiyini görürük, bilirik. Bunu unutmasınlar!”.

Qeyd edək ki, dünən şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan ordusunun Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Ordumuzun Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb. Nəticədə DSX hərbi qulluqçusu əsgər Pərviz Ağakişi oğlu Xəlilzadə yaralanıb. Təxribata cavab olaraq Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin “qisas əməliyyatı” keçirilib. Nəticədə Nerkin-Hand yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, növbəti təxribata cəhd edən 4 erməni əsgəri isə öldürülüb.

Söhrab İsmayıl

Xəbər xətti