Dünənki seçki necə saxtalaşdırıldı...

GÜNDƏM bölməsi

14:27 - 8 Fevral 2024

 Dünənki seçki necə saxtalaşdırıldı...

Seçkilərə hansı əhval-ruhiyyə, hansı ovqatla getdiyimizi xüsusi qabartmadan, yalnız və yalnız son nəticələrə görə deyə bilərəm ki, seçkiyə müdaxilə edildi!

Kimsə bu ölkədə məni inandıra bilməz ki, arxasında hətta simvolik partiya da durmayan Elşad Musayev 31 mindən çox səs toplayıb!

Fuad Əliyevin 25 minə yaxın səs toplaması mümkün deyil!

Evində qonaq olduğu ağsaqqalın özü Razi Nurullayevin üzünə “sənə yox, İlham Əliyevə səs verəcəm” deyirsə, Razi bəy-müəllim necə 40 minə yaxın səs toplaya bilər?

Bu iddialarım digər namizədlərə də aiddir.

Məlum internet kanallarının “karusel əməliyyatı” olaraq təqdim etdikləri şəxslər var – onlar etiraf edirlər ki, iki dəfə səs veriblər. Bəs, həmin kanallar onların kimə səs verdiklərini niyə yaymırlar? Axı onlardan soruşulub, onlar bu suala cavab veriblər axı...

Yaxud bir məntəqədə “topa bülleten” faktı-videosu ortaya çıxdı və hesab edirəm ki, bu, bir deyil, bir neçə məntəqədə olub. Bəs o “topa bülleten” kimin üçün atılıb?

Həmin məntəqənin nəticələrini yayın və görün orda İlham Əliyevin rəqibi nə qədər səs alıb? Sonra həmin dairədəki qonşu məntəqələrlə müqayisə edin həmin nəticəni. Onda görərsiniz o topa bülleten kimin üçün atılıb.

Necə olur ki, ABŞ təşkilatının keçirdiyi “ekzit-poll”da İlham Əliyevin reytinqi 93,9 faiz olur, ancaq MSK-nın rəsmi nəticəsində bu səs faizi 92-yə düşür?

MSK sədri Məzahir Pənahov seçki günü saat 23:30 radələrindəı elan edir ki, ən uzağı 1-1,5 saata seçki bülletenlərinin 90%-dən çoxunun nəticəsini elan edə biləcəyik. Çünki cəmi 7 namizəd var və səslərin sayılması da problem deyil. Əvəzində gecə saat 03:00 radələrində seçki bülletenlərinin 93,3 faizinin nəticələrini elan edir.

Niyə bu qədər gec?

Əminliklə deyə bilərəm: “karusel əməliyyatı” aşkarlanan, “topa bülleten atılan ” məntəqələrin nəticələrini ləğv edin, onda görəcəksiniz İlham Əliyevin səsi neçə faizdir!

Sosial şəbəkələrə, redaksiyaların ünvanına, yazılara gələn şərhlərə baxın: ailəsi ilə İlham Əliyevə səs verməyə gedib, bülleten ala bilməyənlər nə qədərdir? Halbuki onlara konkret məntəqə üzrə bildiriş vərəqi də verilib. Ancaq “nədənsə” həmin şəxslərin seçici siyahısında adı çıxmır və onlara səs vermək üçün şərait də yaradılmır, məntəqədən kənarlaşdırılırlar. Hətta onlar “Biz İlham Əliyevə səs vermək istəyirik” deməkləri də kömək etmir.

MSK bu faktları diqqətlə araşdırsa, nəticədə İlham Əliyevin ən azı 97% səs aldığı ortaya çıxacaq. Ən azı!

Reallıq budur ki, dünən Azərbaycanda keçirilən seçkidə İlham Əliyevin səs faizi hansısa formada aşağı salındı.

Bu da bir tarixdir, bəlkə də seçki tariximizdə yeganə faktdır ki, birmənalı qalib gələcəyinə heç bir şübhə olmayan Liderin səs faizi hansısa səbəbdən azaldıldı.

Turanə Məmmədli

Xəbər xətti