Bu limanlara milyonlar xərclənir, bir nəfər də “uçmur” - Ekspert

GÜNDƏM bölməsi

14:42 - 18 Yanvar 2024

 Bu limanlara milyonlar xərclənir, bir nəfər də “uçmur” - Ekspert

Ölkənin regionlarında bir neçə hava limanı tikilib istifadəyə verilib, hələ bir neçə hava limanı da işğaldan azad olunan torpaqlarımızda tikiləcək. Regionlarda olan hava limanları ağır yük kimi büdcənin çiynindədir.

Yenipress.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

“- Lənkəran Hava Limanının tikilməsinə 51 mln. dollar xərclənmişdi (indiki məzənnə ilə 86,7 mln. manat), sonradan 2 dəfə də cari təmir işləri görülüb (yeraltı sularla bağlı drenaj sistemi tikiləndə yaddan çıxmışdı), bu məqsədlə də 10 mln. manatdan çox vəsait xərclənmişdi, tikiləndən bəri hər il bu hava limanının saxlanmasına ildə 2-3 mln. manat sərf edilir. 2023-cü ildə Lənkəran Hava Limanından cəmi 12 min sərnişin istifadə edib (günə 32 sərnişin düşür);

- Qəbələ Hava Limanı 85 mln. manata başa gəlib, hər il saxlanılmasına 2 mln. manatdan çox vəsait xərclənilir, 2023-də bir nəfər də bu hava limanından istifadə etməyib;

- Zaqatala Hava Limanı 67,1 mln. manata başa gəlmişdi, sonra mühəndislik xətalarının aradan qaldırılmasına və yenidən təmir edilməsinə əlavə 29 mln. manat da ayrıldı. Hər il 2 mln. manat da cari xərclər üçün ayrılır, 2023-cü ildə bir sərnişinə də xidmət etməyib”, - ekspert vurğulayıb.

O qeyd edib ki, bu limanlar vaxtında xarici sahibkarlara icarəyə verilməli idi:

“Yalnız indi regionlarda hava limanlarını uzunmüddətli icarəyə verilməsi üçün danışıqlar aparır, buna çalışırlar. Böyük zaman itirdik. İndi hava limanlarını icarəyə vermək istəyirlər, amma icarəyə götürmək istəyən tapa bilmirlər, çünki xarici şirkətlər yatırım qoymaq və işlətmək üçün qanunların zəmanətini istəyirlər, vergi-gömrük siyasətindən qorxurlar. İqtisadiyyatı düzəltmək üçün ilk növbədə idarəetmə və məhkəmə sistemi düzəlməlidir, başqa yol yoxdur. 10-15 il itirəcəklər, sonra yenə biz deyənə gələcəklər – amma, o zaman artıq gec ola bilər. İnsanlardan fərqli olaraq, iqtisadiyyatı “dəyənəklə” idarə etmək mümkün deyil...”

Xəbər xətti