İran Ermənistanı texnika ilə təmin edir, Qərb susur - Sulduzlu

SİYASƏT bölməsi

15:12 - 14 Aprel 2023

 İran Ermənistanı texnika ilə təmin edir, Qərb susur - Sulduzlu

Əvvəllər “sülhün qarşısını Moskva kəsir” deyirdilər. İndi isə Tehran bu məsələdə onları ötüb. Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi baş tutmasın deyə, dəridən-qabıqdan çıxır.

Bu sözləri Yenipress.az-a güneyli fəal və Qarabağ müharibəsi iştirakçısı Rəhim Sulduzlu Azərbaycan və Ermənistan ordusu arasındakı yaranmış gərginliyi şərh edərkən deyib.

Fəal Laçın yolunda gedən döyüşlərdə Ermənistanla yanaşı, İranı da günahlandırıb.

“İran Ermənistana silah-sursat və dron verməklə, bu ölkəni yenidən müharibəyə sürükləyir. Son insidentdə ermənilər İran istehsalı olan dronlardan istifadə edib. Deyilənə görə, hərbçilərimiz bu dronların zərbəsi nəticəsində həyatını itirib. Onlar bunu təkzib etsələr də, biz doğru olduğuna inanırıq. Sentyabr döyüşlərində də belə olmuşdu. İlk olaraq biz xəbər yaymışdıq ki, Ermənistan sentyabr döyüşlərində İranın “Şahid”lərindən istifadə edib. Hətta bir UAZ-maşınımız bu dronla vurulmuşdu. İndi yenə də bizim iddialarımız özünü doğrultdu. Ermənistanda İran istehsalı PUA-lar var. İranın hərbi yardımı dronlarla kifayətlənmir. PUA-larla havadan kəşfiyyat məlumatları toplayaraq, Azərbaycanın yerləşdiyi mövqelərin  koordinatlarını Ermənistana veriblər”.

O, molla rejiminin Zəngəzur layihəsi qorxusundan danışıb:

 “İran proseslərdən uzaqlaşdırılacağını anladığı üçün çaba göstərir. Rəsmi Tehran çox gözəl bilir ki, bəyanatın 9-cu maddəsi həyata keçərsə, İranın bölgədə önəmi qalmır. Ona görə də sülh müqaviləsinin imzalanmasına mane olmağa çalışır. Ermənistan isə gah Rusiyanın, gah da İranın oyuncağı olub. İndi də İranın dedikləri ilə oturub-durur, provakasiyasına uyub, sülh prosesindən yayınır”.

Sulduzlu İranın apardığı məkrli siyasətin Güney Azərbaycanın müstəqilliyə qovuşması ilə nəticələnəcəyini bildirib:

“Tehran cəhdləri fayda verməyəcək, əksinə, Güney Azərbaycanın oyanmasına səbəb olacaq. Bir neçə gün bundan öncə yüz minlərlə insanın dilindən səslənən “Zəngəzur bizimdir, bizim olacaq” şüarı da buna sübutdur. Bir gün gələcək, Güney Azərbaycan da öz istiqlaliyyətini əldə edəcək”.

Eyni zamanda, Qərbin ikili siyasət yürütməsindən gileylənən Sulduzlu İrandan Ermənistana silah-sursat göndərilməsinin qınanılmalı olduğunu qeyd edib.

“İran Rusiyaya dron verəndə bir siyasət, Ermənistana gəlincə, başqa cür siyasət yürüdürlər. Qərb dünyası və Amerika Ukrayna savaşına görə İrana sanksiyalar tətbiq edir, Ermənistana isə göz yumurlar. Qərb dövlətlərinin bu üzünü Qarabağ savaşında, Xocalı soyqırımında, BMT-qətnamələri həyata keçirilməyəndə də görmüşük. Adi bəyanatla bu təcavüz pislənsə də, əməli addımlar atılmadı. Bunun bir günahı da bizim-xaricdə yaşayan Azərbaycan lobbisinin üzərinə düşür. İranın Ermənistana dron verməsini və provakasiya oyunlarını dünya ictimaiyyətinə çatdırmaq üçün aktiv olmalıyıq”.

Yenipress.az

Xəbər xətti