11 aprel döyüşünü başladan səbəb və şəxs... - Şok detallar açıqlandı

SİYASƏT bölməsi

10:30 - 13 Aprel 2023

 11 aprel döyüşünü başladan səbəb və şəxs... - Şok detallar açıqlandı

Məlum olduğu kimi, Azərbaycanla Ermənistan arasındakı şərti sərhəd istiqamətində atəşkəs pozulub. Nəticədə hər iki tərəf itki verib. Hadisədən sonra tərəflər həmişəki kimi təxribatı kimin törətdiyi üzərində baş sındırır.

Yenipress.az xəbər verir ki, bunu hərbi reportyor Səxavət Məmməd qeyd edib.

O bildirib ki, Azərbaycan ordusu bir qədər əvvəl yeni mövqelərə çıxandan sonra mühəndis-istehkam işləri görməyə başlamışdı:

“Bundan əlavə, Azərbaycan ordusu gecə-gündüz səngərlər qazır. Erməni tərəfi son hadisədən əvvəl bir neçə dəfə Azərbaycan ordusunun geri çəkilməsini tələb edib. Ordu qarşı tərəfin bu təklifini geri çevirib. Ermənistan ordusu Azərbaycan ordusunun postunun düz önündə, təxminən 40-50 metrlik məsafədə post qurub, mühəndis-istehkam işləri görməyə başlayan zaman onlara xəbərdarlıq edilib. Kadrlardan görünür ki, Azərbaycan ordusunun 5 hərbçisi “Pikap” tipli maşınla danışıqlar üçün erməni hərbçilərinin yanına gedir. Erməni tərəfi iddia edir ki, “Pikap”la gələnlər təxribat törədib. 5 nəfər, bir “Pikap”la 30-dan çox əli silahlı hərbçinin üzərinə təxribat törətməyə necə gedə bilər? Bu heç bir məntiqə sığmır. Danışıq son dərəcə sərt keçib və nəticədə öncə havaya atəş açılıb və ardınca tərəflər arasında atışma baş verib.

Yeri gəlmişkən, ərazidə 2022-ci il fevral ayının 24-də Ermənistan Prezidentinin fərmanı ilə Ermənistan Silahlı Qüvvələrinin əməliyyat idarə rəisi vəzifəsinə təyin edilmiş Armen Gözəlyan da olub və yaralanıb. Armenin həmin ərazidə peyda olmasının dəqiq səbəbini demək çətindir, ancaq bir maraqlı fakt var ki, Gözəlyan Dığ kəndində anadan olub. Ərazidəki xidmət edən hərbçilərdən aldığım məlumata görə, danışıqları gərginləşdirən və vəziyyətin əlbəyaxadan silaha əl atmaq səviyyəsinə gətirən elə əməliyyat idarəsinin rəisi olub.

Tərəflər arasında atışmadan dərhal sonra Ermənistan ordusu Azərbaycan ordusunun 6 postunu intensiv atəşə tutub. Atəşkəs bir müddət sonra atıcı silahlardan minaatanlara keçib. Atəşkəsin pozulması mövqe döyüşünə çevrilib.

Məlum istiqamətdə postların bir-birinə çox yaxın olması sözlü atışmaların hər an silahlı atışmaya keçəcəyini göstərir. Hesab edirəm ki, Azərbaycan və Ermənistan dövləti məsələyə müdaxilə etməli, mövqelər arasındakı məsafə artırılmalıdır. Əgər qarşı tərəflə razılıq olmasa, Azərbaycan ordusu mütləq şəkildə yaxınlıqdakı mövqelərin hamısını sıradan çıxarmalı və orada yeni postların qurulmasının qarşısını almalıdır. Yoxsa həmin istiqamət qaynamağa ən münbit yerdir”.

Xəbər xətti