Vasif Talıbovun çevriliş planı? Onda o ağıl var?

GÜNDƏM bölməsi

15:26 - 26 Dekabr 2022

 Vasif Talıbovun çevriliş planı? Onda o ağıl var?

DTX-nin Naxçıvanda başlatdığı antikorrupsiya əməliyyatı zamanı üzə çıxan yüzmilyonlarla yeyinti fonunda Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun personasının gündəmə gəlməsi olduqca normal idi və normaldır. Bu baxımdan bütün diqqət V.Talıbovun üzərində cəmləşdi – nələr edib, bu 30 ilə yaxın müddətdə milyardları necə mənimsəyib, Naxçıvanı necə zəlil günə qoyub...

Naxçıvanın Vasif xanın zülmü nəticəsində boşaldığını, orda insanlara zülm edildiyini, hüquq və azadlıqların heç “h”sı və “a”sının belə olmadığını bu ölkədə kim bilmirdi ki?

Ancaq heç vaxt bu qədər uca səslə yazılmamışdı, deyilməmişdi. Gör, dünyanın harasıdır ki, Vasif Talıbovun Naxçıvanın daşını, torpağını, adamlarını diri-diri basıb yediyini hətta efirdən ekspertlər belə deyə bilir. Nəzərə alın ki, bütün bu deyilənlər Vasif Talıbovun istefasından xeyli əvvəl başlayıb.

Nə olub, nə baş verib? Əgər bu, doğrudan da antikorrupsiya məsələsidirsə, 30 il niyə dözdülər və qəfildən hər şey dəyişdi?

Bax, bu sual medianın əsas dərdidir. Ona görə hamı axtarışa çıxıb ki, yox, bu, yalnız korrupsiya ola bilməz, burda Vətənə xəyanət var. Vətənə xəyanət necə ola bilər? – Naxçıvanı ayrı dövlət kimi idarə etmək, hətta ayrıca dövlətə çevirmək təşəbbüsü...

İndi xatırlayırlar ki, 44 günlük savaş zamanı Ermənistan ərazisindən Naxçıvan istiqamətinə uçan rus helikopteri vurulmuşdu. İddia edirlər ki, bunun əmrini Vasif Talıbov verib.

Vasif Talıbovun qiyam hazırladığı, Prezidentə “dirəniş” üçün “A”, “B”, “V”, “Q” planları qurduğu da iddia edilir. O da bildirilir ki, SEPAH-la qardaşlaşıbmış və s.

Bu Vasif Talıbov “Mən sənə qibtə edirəm” deyən deputata “Sən mənə heş zad edə bilməzsən” deyən beyin sahibi deyil?

Bu Vasif Talıbov “Qarşıdan gələn XXI əsr” sözünü “İks-iks birinci əsr” kimi oxuyan ağıl yiyəsi deyil?

Bu Vasif Talıbov marketdə “Colgate” diş məcununu görüb, “Soldat yeməyini oğurlayıb, dükanlarda satırsınız” deyən baş gəzdirmir?

Bu Vasif Talıbovun sahibi olduğu 9 diplomun saxta olduğu, hamısını pulla aldığını biz yazmamışıq?

İndi Vasif Talıbov haranın ağıl sahibi oldu ki, qiyam üçün “A, B, V, Q” planı cıza? Onda bu dərrakə, bu düşüncə, bu təfəkkür var?

Adam alimin, generalın əlinə süpürgə verib, iməcilik yapan biridir. Bu ağılla SEPAH-la əlaqə qurub, dövlətə xəyanət edib?

Vasif Talıbov qiyama hazırlaşırmış, illərdir plan qururmuş və DTX-nin heç nədən xəbəri yoxmuş? Ya rus helikopterini vurmaqla düşmən planını icra edə, İlham Əliyev də bu xəyanətə 2 il dözə? Ağlınıza yerləşir ki, Vətən müharibəsinə - İlham Əliyevin 17 il yol gəldiyi, 17 il ərzində qurduğu, illərlə, yuxusuz gecələri hesabına yetişdirdiyi böyük bir milli dönüşə, hadisəyə, tarixi akta, Dövlətin qızıl səhifəsinə xəyanət edilə və Ali Baş Komandan da heç nə etməyə?

Bəs, niyə “istefa ver” deyən kimi ərizəsini yazıb getdi? Niyə Bakıya gəlib, qəbula düşmək üçün bir həftə qapıda gözlədi?

Vasif Talıbov monopolistdir, oğrudur, korrupsionerdir, Naxçıvanı zəlil edib və s., ancaq onun dövlətə xəyanət etməsi bir az şişirdilir, məncə! Nə onun o boyda ağlı var ki plan qura, nə də dövlətimizin belə xəyanətkara dözümü!

Yəni xəyanətə aid bir əlamət olsa, Talıbov çoxdan içəridə olardı...

Sadəcə, səbəb odur ki, Vasif Talıbov bütün hədd-hüdudu aşmışdı, 2018-ci ildən sonra start götürən antikorrupsiya əməliyyatlarından dərs çıxarmırdı, Prezidentin Naxçıvanın öz-özünü dolandırması barədə tapşırığından nəfsinə görə yayınırdı.

Prezident 2019-cu ildə Vasif Talıbova göstəriş vermişdi ki, dövlət büdcəsindən dotasiya ilbəil azaldılmalıdır, Naxçıvan gömrük və vergi yığımları ilə öz büdcəsini formalaşdırmalıdır. Bu proses bütün rayonlarda gedir və hazırda rayonların böyük əksəriyyəti artıq büdcədən dotasiya almır. Bəs, necə olur ki, Naxçıvana dotasiya ilbəil azalmaq əvəzinə artır?

Vasif Talıbov acgözlüyünə görə dövlətə yalan deyirdi – guya gəlir azdır, büdcə dolmur;

Vasif Talıbov iş adamlarını muxtar respublikadan perik salmışdı, vergi yığası kimsə qalmamışdı - öz şirkətləri əlbəttə ki, vergi-zad verən deyildi.

Vasif Talıbov Naxçıvanın sərvətini talayır, gömrük-maliyyə sistemini ancaq özünə işlədirdi – nəticədə hər il yüzmilyonlar göyə sovrulurdu.

Dəfələrlə edilən xəbərdarlığa baxmamışdı, Azərbaycanın Qarabağı dirçəltmək üçün külli miqdarda vəsait xərcləməsi eyninə deyildi, o da bir tərəfdən büdcəni sorurdu.

Nəticədə DTX-nin bir əməliyyatı ilə məlum oldu ki, yalnız 3 şəxs – Gömrüyün hansısa idarəsi, maliyyə naziri və Arxitektura və Şəhərsalma – Naxçıvana ayrılan dotasiyadan daha çoxunu mənimsəyib.

Dövlətin iqtisadi-siyasi siyasətini anlamamaq və xəbərdarlıqdan nəticə çıxarmamağın acı aqibətini yaşayır Talıbov.

Bu qədər sadə...

Yenipress.az

Xəbər xətti


Digər xəbərlər