İqbal Ağazadədən Qubad İbadoğluya ağır sözlər…

GÜNDƏM bölməsi

13:53 - 23 Dekabr 2022

 İqbal Ağazadədən Qubad İbadoğluya ağır sözlər…

Xəbər verdiyimiz kimi, bəzi azərbaycanlıların ermənilərlə birlikdə Şuşa-Xankəndi yolunda keçirilən aksiyaya qarşı, “Xankəndi blokadasına son verilməsi tələbi ilə” bəyanatı yayılıb.

Bu bəyanatda Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, tanınmış iqtisadçı Qubad İbadoğlunun qızının da adının olması ciddi müzakirələr yaradıb.

Yenipress.az mövzu ilə bağlı Ümid Partiyasının sədri İqbal Ağazadənin yazısını təqdim edir:

Bu gün bəzi soydaşlarımızın bir bəyanata imza atdıqlarını gördüm...

Çox üzüldüm...

Onların Vətən, Demokratiya, Sülh haqqındakı düşüncələrinə...

Onları yetişdirənlərin təhsil və tərbiyə metodlarına...

Vətən yaşadığımız dünya deyil, bizimlə dili, mədəniyyəti, adət-ənənəsi, yaşam tərzi, mental dəyərləri, mətbəxi, xüsusiyyətləri - hətta nə qədər pis olsa da - bir olan insanların kompakt yaşadığı coğrafiyadır. O coğrafiyanı biz müəyyən etməmişik, bizdən çox-çox əvvəl babalarımız, ulularımız çəkib o sərhədləri...

Sərhədimizdən bircə metr o tərəfin faunası, florası, yer quruluşu, sərvətləri, hətta heyvanları belə bizim Vətən deyib sərhəd çəkdiyimiz yerdən heç nə ilə fərqlənmir. Lakin o yerlər Vətən deyil. Tək bir şərtə görə - orda bizə doğma olan, bizim insanımız yaşamır. Yuxarıda saydığım xüsusiyyətlərin heç biri orda yaşayanlarla eyni deyil.

Biz bizdən qoparılan Dərbəndə, Borçalıya, Güney Azərbaycana həm də ona görə talibik.

Orda bizim olanlar, doğmalar yaşayır. Təkcə yaşamırlar, oranı əsrlərdir Vətən ediblər, torpağa qanımızı, daşına ruhumuzu qatıblar.

Amandır, deməyin ki, Qarabağda da ermənilər yaşayır. Onların köç etdiyi tarix də, bizim qonaqpərvərliyimiz də, bir az da "maymaqlığımız" da məlumdur. Suriyadan, Liviyadan, İrandan, Hindistandan gəlmiş ermənilərin vətəni Qarabağ deyil. Necə ki, sizin bəzilərinizin Vətəni indi yaşadığınız Hollandiya, Almaniya, Rusiya deyil.

O ölkənin əleyhinə bir kampaniyaya qoşulsanız, münasibəti görərsiniz. Mühacirlərə sərgilənən siyasəti unutmayın... İzah etməyə çalışmayın ki, bu belə deyil. Bizim də gördüklərimiz, oxuduqlarımız, eşitdiklərimiz var...

Vətən böyük ailədir. Ailədə bacı-qardaşlar danışmaya bilər, küsər, inciyər, bir-birinin evinə də getməyə bilər. Lakin öləndə hər kəsin başdaşında atalarının adları eyni yazılar. Və əsrlər də keçsə, onların münasibətlərindən danışmazlar, sadəcə eyni atanın övladları olduqlarını söyləyərlər...

Hakimiyyətdən küsün, inciyin, danışmayın...

Amma atanızı, dədənizi satmayın...

Hamınızın kimliyinizdə bir AZƏRBAYCAN sözü var...

Unutmayın, ona xəyanət etmək olmaz, onu kimsənin ayağına vermək olmaz, onu satmaq heç olmaz...

Demokratiya sizin üçün əsas şərtdir. Anladım. Qəbul edirəm. Mən də demokratik idarəetmənin, demokratik seçkinin, ədalətin tərəfindəyəm. Hamının haqqı verilən bir cəmiyyət istəyirəm. Amma o cəmiyyəti, demokratiyanı harda qurmaq istəyirəm?

AZƏRBAYCANDA...

Onu sataraq, mənafeyini ayaq altına ataraq, erməninin işğalına haqq qazandıraraq, Vətən qurulmaz.

Vətən ilk növbədə qorunar. Həm də xarici təcavüzdən. Demokratiyanın beşiyi hesab olunan ölkələrdən bircəciyinin bir qarış torpağına əl uzadılsa görəsən nə edər?

Demokratlığına şübhə etmədiyiniz Zelenski ən müasir silahlardan istifadə edərək öz vətənini qorumurmu? Bəs Saakaşvili?

ABŞ, İngiltərə, küllü Avropa Yaxın Şərqdə böyük mənada öz ölkələrinin , demək həm də Vətənlərinin, təhlükəsizliyi üçün vuruşmurmu?

Siz kimdən öyrəndiniz Vətənsiz demokratiyanı?

Sizə kim belə olmağı təlqin etdi?

Nəyin müqabilində?

VƏTƏN yoxsa, demokratiya çağırışları başqalarının xidmətçisi olmaqdan başqa bir şey deyil. Həm də qəpik-quruş üçün...

Zelenskiyə də bir çağırış edin, qoy, Rusiyanın qarşısından çəkilsin, qoy, müharibə etməsin, qoy, sülh olsun. Onun silahları bizdən daha modern və öldürücüdür.

Rusiya Ukrayna ərazisində hansı rolu oynayırsa, Ermənistan da bizim ərazimizdə eyni rolu ifa edir.

Qarabağdakı ermənilər nə qədər məsumsa, Donetsk, Luqansk rusları da o qədər məsumdurlar.

Sadəcə hər iki tərəf Vətənbölənlərdirlər...

Sülhün mahiyyətini də sizə düz öyrətməyiblər.

Sülh iki tərəf istəyəndə sülh olur. Bir tərəf, konkret ermənilər, 30 il bu xalqa zülm ediblərsə, bu gün də davam edirlərsə, sabaha hazırlaşırlarsa, demək ki, sülh yoxdur. Müharibə var. Həm də bizim başlamadığımız...

Nə vaxt torpağımızdan, dövlətimizdən, VƏTƏNİMİZDƏN gözlərini və əllərini, həm də təkcə öz əllərini deyil, havadarlarının əllərini çəkəcəklərsə, sülh onda olacaq.

Kiçicik qrant almaq üçün öz yanında olanlar haqqında xarici təşkilatlara yüz donos verənlər, böyük ideallardan danışmasınlar.

P. S. Övladlarınızı düzgün tərbiyə edin, demokratiya, sülh, barış vətənsizlik deyil, VƏTƏNSİZLƏR...

Xəbər xətti


Digər xəbərlər