Mehdiyevi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib

TOPLUM bölməsi

16:49 - 28 Mart 2024

 Mehdiyevi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib

Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev “Formula-1” oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur.

Yenipress.az xəbər verir ki, Qafqazinfo Çingiz Mehdiyev və onun cinayəti ilə bağlı bəzi maraqlı məqamları əldə edib.

Ç.Mehdiyev 2006-cı ildə ABŞ-yə köçüb, oranın vətəndaşlığını qəbul edib. O, pasport alarkən ad-soyadını da dəyişib, Gino Metie kimi qeydə alınıb. Gino Metie bir il sonra Nyu-York şəhərində Nərminə adlı xanımla evlənib, onların bir qızı dünyaya gəlib. 2019-cu ildən onların münasibəti korlanıb, 2023-cü ildə boşanmaq üçün məhkəməyə müraciət ediblər.

Məlumata görə, Azərbaycana qayıtdıqdan sonra yenidən Çingiz Mehdiyev ad-soyadı ilə işə başlayan təqsirləndirilən şəxsi istintaqda ifşa edənlərdən biri elə arvadı Nərminə Ələkbərova olub.

Ələkbərova istintaqa verdiyi ifadəsində ərinin qanunsuz fəaliyyətlərindən danışıb, onun mənimsədiyi pullarla qardaşının adına ABŞ-də bahalı mülklər aldığını deyib. O, əri ilə üzləşməsində də onu ifşa edib. Nərminə, həmçinin Çingizin anasının adına Seyşel adalarında şirkət açdığını, həmin şirkətə külli miqdarda pullar köçürməsindən də danışıb. 

Çingiz Mehdiyevin cinayət işinə görə Bakıda yerləşən əmlakları üzərinə həbs qoyulub. Həmin əmlaklara bahalı evlər və torpaq sahələri daxildir.

Qeyd edək ki, Ç.Mehdiyev haqda istintaq dövrü müddətinə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. İş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılacaq.

Xəbər xətti