Dollar satışı azaldı: manatın 2024-cü il üçün məzənnəsi…

İQTİSADİYYAT bölməsi

21:17 - 12 Mart 2024

 Dollar satışı azaldı: manatın 2024-cü il üçün məzənnəsi…

Mərkəzi Bankın bu gün təşkil etdiyi hərracda 79,4 milyon dollarlıq sifariş qeydə alınıb. Bütövükdə, mart ayının geridə qalan günlərində hərraclarda 227.4 milyon dollar satılıb. Bu ilin ilk 2 ayı, xüsusən də fevral ilə müqayisədə mart ayında dollar tələbinin stabilləşməsi müşahidə olunur.

Yenipress.az xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov qeyd edib.

Onun sözlərinə görə, bu, Mərkəzi Banka valyuta bazarına intervensiya və növbəti mərhələdə sterilizasiya üçün yeni imkanlar yaradır:

“Bununla yanaşı, mart ayında qeyri-iş günlərinin sayının çoxluğunun və eləcə də xarici səfərlərin sayının çoxluğunu nəzərə alsaq, Mərkəzi Bankın kommunikasiya alətindən mütəmadi istifadə etməsi vacibdir.

Növbəti aylarda manatın məzənnəsinə gəldikdə isə, Mərkəzi Bankın 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında qeyd olunduğu kimi, bu tədiyyə balansının vəziyyətindən, daha dəqiqi neftin qiymətindən asılı olacaq. Bir daha qeyd etmək lazımdır ki, fiskal sektorun valyuta təklifi və tələbi, eləcə də iqtisadi subyektlərin məzənnə gözləntiləri valyuta bazarındakı tarazlığa təsir göstərən əsas amillər kimi qruplaşdırılsa da aydındır ki, bu indikatorlar da birbaşa enerji bazarındakı volatillikdən asılı olacaq.

Göründüyü kimi, bu ildə də neft gəlirlərimiz və daha dəqiqi enerji bazarlarındakı tarazlıq manatın məzənnəsinə təsir edən əsas faktor olacaq. Mərkəzi Bankın məzənnə siyasəti üzrə əməliyyat hədəflərinə nail olmaq üçün valyuta bazarına zəruri hallarda müdaxilə edəcəyini bildirməsi isə ondan xəbər verir ki, enerji bazarında ciddi volatillik baş verəcəyi halda valyuta ehtiyatlarından istifadə edilə bilər. Deməli, 2024-cü ildə də manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq”.

Xəbər xətti