İdmançı qəzada öldü, “Bakı Bus” isə tanınmış alimi hədələdi

GÜNDƏM bölməsi

15:50 - 10 Mart 2024

 İdmançı qəzada öldü, “Bakı Bus” isə tanınmış alimi hədələdi

“Bakı Bus”u təmsil edən iki nümayəndə tanınmış alim Elçin İbrahimi hədələyib.

Yenipress.az xəbər verir ki, bu barədə alim öz sosial şəbəkə hesabında yazıb.

E.İbrahim bildirib ki, “Bakı Bus” avtobusunun sürücüsünün səhlənkarlığı nəticəsində qardaşı oğlu faciəli şəkildə dünyasını dəyişib. Şirkət isə aradan keçən 8 gündə ailəyə başsağlığı vermək əvəzinə, sosial şəbəkələrdə hücuma keçib.

Alim bununla bağlı status yazdıqdan sonra isə “Bakı Bus”un iki əməkdaşı onunla görüşüb və üstüörtülü şəkildə xəbərdarlıq ediblər.

“Onların üzrləri qəbahətlərindən də böyük oldu. Dünən şirkətin iki əməkdaşıyla görüşdüm, sağ olsunlar, özləri də bilmədən mənim istədiyimdən çox məlumatı mənə verdilər. Üstüörtülü mənə çatdırdılar ki, çox şey eləsən, biz hər şey edə biləcək gücdəyik, elə-belə şirkət deyilik. Mən də onlara məhkəmədə görüşəcəyimizi dedim.

Onlar kimə arxalanır, bilmirəm, mən ölkəmin qanunlarına və hüquq-mühafizə orqanlarına arxalanıram. Düzdür, bizim yasımıza başımız qarışanda onlar bizimlə bağlı bütün “məsləhətləri” işi araşdıran müstəntqidən alıblar. Hələlik müstəntiqlə görüşmədiyim üçün onunla bağlı konkret nəsə yazmağı etik hesab etmirəm”, - alim qeyd edib.

Qeyd edək ki, faciə martın 1-də metronun “Koroğlu” stansiyasının qarşısında baş verib. Bakı Bus MMC-yə məxsus avtobus gənc oğlanı vuraraq öldürüb.

Dünyasını dəyişən 26 yaşlı Oruc İbrahim oğlu İbrahimov peşəkar idmançı idi.

Xəbər xətti