Baş Prokurorluğun “tövsiyəsi”nin fəsadları...

GÜNDƏM bölməsi

13:15 - 29 Dekabr 2023

 Baş Prokurorluğun “tövsiyəsi”nin fəsadları...

27 fevral 2020-ci ildə Polad İsmayılov adlı şəxs Seyran Şakir qızı Əyyubovanın qətlində təqsirli bilinərək həbs edilib, tam 3 il 10 ay həbsdə yatdıqdan sonra – 28 dekabr 2023-cü ildə bəraət alaraq azadlığa çıxıb.

Azərbaycanda çox nadir rast gəlinən hadisədir. Səhv etmirəmsə, heç bir günahı olmadan həbs edilib, sonra bəraət alaraq, yenidən daxili işlər orqanlarına bərpa edilən və illərlə gündəmdən düşməyən Nizami Qocayev olayından sonra belə presedent bunca ictimai reaksiya doğurmayıb.

İstənilən ölkədə bu cür hadisə baş verəndə dünya mediasının gündəminə çevrilir. Bu, bir tərəfdən istintaq orqanının ciddi səhvidirsə, digər tərəfdən ölkədə hüquq və azadlıqların, vəkillik institutunun dəyəri, məhkəmə sisteminin bütün hallarda ədalətin yanında olması baxımından diqqətçəkici olaydır.

Baş Prokurorluğun Mətbuat Xidməti də dünəndən ciddi müzakirəyə çevrilən bu olaya aydınlıq gətirməyə çalışan bir açıqlama yayıb – doğru da davranıb. Açıqlamadan aydın olur ki, qətl 24 fevral 2011-ci ildə törədilib, yalnız 9 il 3 gündən sonra, 27 fevral 2020-ci ildə qətli törətməkdə şübhəli bilinən şəxs – Polad İsmayılov həbs edilib.

Şəki Ağır Cinayətlər Məhkəməsi 9 aprel 2021-ci ildə Polad İsmayılovu istintaq orqanının irəli sürdüyü CM-in 120.1-ci maddəsi ilə təqsirli bilərək, 11 il həbs cəzasına məhkum edib. 10 fevral 2022-ci ildə apellyasiya şikayəti təmin edilməyib. Ancaq 25 aprel 2023-cü ildə Ali Məhkəmə iddianı qismən təmin edərək, qərarı ləğv edib və işi Şəki Apellyasiya Məhkəməsinə qaytarıb. Şəki Apellyasiya Məhkəməsi isə 28 dekabr 2023-cü ildə bəraət hökmü çıxararaq, P.İsmayılovu həbsdən azad edib.

Baş Prokurorluğun yaydığı məlumatın sonunda deyilir ki, müvafiq hökm prokurorluğa daxil olduqdan sonra cinayət işi üzrə ittihamedici və bəraətverici sübutlar bir daha təhlil olunaraq qiymətləndirilməklə kassasiya protestinin verilib-verilməməsi barədə obyektiv qərarın qəbul edilməsi təmin ediləcək.

Bu da normal, ancaq Baş Prokurorluq bununla kifayətlənmir və mediaya ənənəvi əmr, göstəriş və tövsiyələrinə davam edir: “Baş Prokurorluq kütləvi informasiya vasitələrinə həmin müddət ərzində bu kimi həssas məsələlərlə əlaqədar məlumatların yayılması zamanı diqqətli olmaq, habelə cinayət işi üzrə zərərçəkmiş tərəfin hüquqlarına hörmətlə yanaşılmasını tövsiyə edir”.

Əvvəla, medianın bəraət alan şəxsin və onun vəkilinin açıqlamasını yaymaq, olaya münasibət bildirmək hüququ var. Baş Prokurorluq kimə, nəyi və niyə tövsiyə edir?

İkincisi, 25 aprel 2023-cü ildə Ali Məhkəmə hökmü ləğv edib, Şəki Apellyasiya Məhkəməsinə qaytaranda artıq Baş Prokurorluq araşdırmaya başlamalı, Ali Məhkəmənin bu qərarının səbəbi təhlil olunmalı, yerli istintaq orqanının yanlışlığa yol verib-vermədiyi üzə çıxarılmalı idi. Baş Prokurorluğun 25 apreldən 28 dekabra qədər – 8 ay 3 gün vaxtı olub. Bu müddət ərzində hər hansı araşdırma aparıldığı, yerli istintaq orqanından materialların tələb edilib-edilmədiyi, incələnib-incələnmədiyi haqda bu gün Baş Prokurorluğun yaydığı məlumatda heç bir eyham yoxdur.

Əslində, bir insanın taleyi baxımından çox ciddi hadisədir; insan həyatının məhv edilməsidir, təəssüf ki, bütün dünyada belə hadisələr baş verir. Uzağa getməyək: 4-cə gün qabaq ABŞ-da 48 ildir (!!!) həbsdə yatan 71 yaşlı Gelin Saymonzun günahsız olduğunu Oklahama əyalətinin məhkəməsi təsdiqlədi və ona bəraət verərək, azadlığa buraxdı. Təsəvvür belə etmək olmur: 23 yaşında, gənc ikən həbs olunan şəxsə 48 illik həbs həyatından sonra 71 yaşında deyirlər ki, bağışlayın, səhv etmişik!

Bir insanın bütün həyatını əlindən alıb demokratik, güclü, dünya ağası ABŞ-ın istintaq və ədliyyə sistemi!

Nə qədər dəhşətli olsa da, belə faktlar olur – təəssüf ki! Ancaq bu fakt üzə çıxanda yanlışı edən cəzalandırılmaqla qarşı tərəfdən və ictimaiyyətdən üzr istəyib, insan həyatından oğurlanan illərə görə kompensasiya verilir - baxmayaraq ki, 48 illik bir həyatı oğurlamağın kompensasiyasını təsəvvür belə etmək olmur.

ABŞ prokurorluq və ədliyyə sistemi məhz belə də etdi – ancaq kimsənin ağlına gəlmədi ki, mediaya, ictimaiyyətə “tövsiyə” versin, dərs keçsin, “məsələnin həssaslığını nəzərə almaq” nağılı danışsın.

Azərbaycan Baş Prokurorluğu 8 aylıq fürsəti qaçırandan sonra yaydığı bugünkü açıqlamasının sonunda “yanlış üzə çıxarsa, qarşı tərəfdən və ictimaiyyətdən üzr istəniləcək” kimi özünə layiq, dəyərlərə və qanunlara hörmət xarakterili bir abzas artırmaqla, özünə hörməti də təmin edə bilərdi – nə təəssüf ki, bu davranışı Baş Prokurorluqdan illərdir görmürük. Baş Prokurorluqdan gördüyümüz yalnız və yalnız “xəbərdarlıq”, “tövsiyə”, “məsləhətdir” – yəni hüquq-mühafizə orqanlarının elitasıdırlar, ağadırlar. Halbuki Azərbaycanda prokurorluq orqanlarında heç də hamı süddən çıxmış ağ qaşıq deyil.

Azərbaycan Qafqazın lider ölkəsi, müasir tarixdə öz ərazilərini tam bərpa etməyi bacaran və münaqişəyə son qoyan yeganə ölkədir: bundan heç də bütün ölkələrin məmnun olmadığını da yaxşı bilirik. Məhz buna görə də Azərbaycanı zərrəbinlə izləyirlər – demokratiya, insan haqları, söz azadlığının pozulması kimi nüanslar axtarırlar ki, hesabatlara salıb, ölkəmiz haqda mənfi rəy formalaşdırıb, imkan düşdükcə, təzyiq fürsəti qazansınlar! Bir-birinin ardınca da heç də obyektiv hesabatlar verilmədiyini görürük. Bu məqamda Baş Prokurorluq açıqlamalarında əşhədü-həssaslıq nümayiş etdirməli, onun bəyanatlarının söz azadlığını məhdudlaşdırdığı haqda rəy yaranmasına imkan verməməlidir. Çünki bu açıqlamalarda işlənən ifadələr hesabatlara daxil edilə və Azərbaycanda söz azadlığını məhdudlaşdıran fakt kimi göstərilə bilər.

Yəni Baş Prokurorluğun Mətbuat Xidməti mediaya yuxarıdan aşağı baxmaq xəstəliyindən qurtulmağı bacarmalı, orda medianı bilən peşəkarlar oturmalı, Azərbaycanın imicinə zərbə vuracaq ifadələrin işlədilməsinə yol verilməməlidir.

Bu, bizim Baş Prokurorluğun İctimaiyyətlə əlaqələr şöbəsində oturub, özünü istintaqçı sayan prokurorlara məsləhətimiz və tövsiyəmiz deyil – biz kimsəyə tövsiyə verəcək haqqa sahib olduğumuzu düşünmürük.

Bu, xahişdir – söz, fikir azadlığına xələl gətirə biləcək və ölkəmizin əleyhinə istifadə olunacaq heç bir ifadədən istifadə etməyin, dosta-düşmənə bəhanə verməyin!

Axar.az

Anar Niftəliyev

Xəbər xətti


Digər xəbərlər