Hökumət bizi dinləmədi, ancaq 1 il sonra peşman oldu

GÜNDƏM bölməsi

14:55 - 25 Dekabr 2023

 Hökumət bizi dinləmədi, ancaq 1 il sonra peşman oldu

Hökumət keçən il bank depozitlərindən gəlirə 10%-lik vergi tədbiq edəndə dəfələrlə yazdıq, efirlərdə danışdıq ki, yanlış və mənasız addımdır, büdcəyə daxilolmalar cüzi artacaq, amma kiçik həcmli depozitləri insanlar banklardan çəkəcək, banklara zatən zədəli olan güvən bir az da zəifləyəcək. Dinləmədilər, öz bildiklərini “oxudular”, cəmi 1 il keçdi, indi biz deyənə gəldilər və depozitlərdən tutulan vergini, demək olar ki, ləğv etdilər.

Yenipress.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, bu ilin sonunda hökumət çox məzmunsuz qərarla mikrosahibkarlara sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirdən 20% vergi tutmaq istəyir, indiyədək vergi oranı 5% idi:

“Yenə onlarla müsahibə, açıqlama verdik ki, etməyin-eləməyin, çox mənasız qərardır, büdcəyə bir xeyri olmayacaq, amma minlərlə mikrosahibkarı incik salacaqsız, ciblərinə girəcəksiz, onlar da məcburən “boz sxemlər” axtarmağa başlayacaqlar – sonda, bu sahədən daxil olan vergilər artmaqdansa, azalacaq.

Yaxşı, büdcəyə xeyri hissedilməz dərəcədə azdırsa, nədən bu addımı atırlar?! Deyim, iqtisadi komanda o qədər bacarıqsız işlər görür ki, iqtisadi aktivlik zəiflətib, ÜDM cəmi 0,8% artıb, bu, MDB-də ən aşağı göstəricidir. İqtisadi aktivlik azalanda, zəifləyəndə, təbii ki, yeni iş yerləri də az yaranır. Amma bu komanda rəqəmlərlə “rəqs etməyi” yaxşı bacarır, Prezidentə “yeni iş yerləri yaratdıq” demək üçün mikrosahibkarlara deyirlər ki, əgər gəlir vergisini 5% ödəmək istəyirsənsə, 3 nəfər işçi götür. Yəni sahibkar öz qohum-tanışından 3 nəfər minimum əmək haqqı ilə işçi rəsmiləşdirə bilər, işçilərin DSMF ödənişləri ödəyəcəyi 15% daha çox vergidən az olacaqsa, sahibkar buna gedə bilər, yəni, formal olaraq kağız üzərində 3 iş yeri yarana bilər, iqtisadi komanda da bu kağız üzərindəki iş yerlərini təqdim edərək, “görürsünüz, biz işləyirik, ölkədə flan qədər iş yeri yaratdıq”, demək istəyir. Məqsəd sadəcə budur, çünki bu təklifi verən İqtisadiyyat Nazirliyində kifayət qədər savadlı insan var, özləri də bilir ki, vergini 5%-dən 20%-ə artırsalar, büdcəyə daxilolmalar qəpik-quruş artacaq, hətta artmayacaq, azalacaq, çünki “boz sxemlər” işə düşəcək.

Deməli, bu təklifi gözə kül üfürmək, kağız üzərində iş yerləri yaratmaq, bir də iş adamlarını “boz sxemlərə” sövq edərək sonra yoxlamalar zamanı onlardan nəsə qoparmaq üçün etdilər...

Çox güman, gələn il bu mənasız qərarı da ləğv edəcəklər, amma 1 il sahibkarlara əziyyət verəcəklər...”

Xəbər xətti


Digər xəbərlər