Azərbaycanda iqtisadi artım tempi niyə azalır?

İQTİSADİYYAT bölməsi

14:16 - 25 Dekabr 2023

 Azərbaycanda iqtisadi artım tempi niyə azalır?

Azərbaycanda iqtisadiyyatın əsasında dayanan  neft-qaz sektorunda, xüsusilə də neftdə istehsal müəyyən qədər azalır. Bu da ümumdaxili məhsulun artım tempinə öz mənfi təsirini göstərir. Odur ki, bu il Azərbaycanda iqtisadi artım tempi 0,5, ilin sonuna qədər isə ola bilsin 0,8% səviyyəsində tamamlansın.

Bu sözləri Yenipress.az-a iqtisad üzrə fəlsəfə doktoru Elşən Bağırzadə Azərbaycanın iqtisadi artım tempinin aşağı düşməsinin səbəbləri ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, ölkəmizdə neft sektoru hələ də öz  əhəmiyyətini qoruyub saxlayır. Qeyri-neft sektorunun inkişafı da önəmli ölçüdə neft sektorunun inkişafı ilə bağlıdır:

“Neft sektorunda baş verən canlanma, orada yaradılmış əlavə dəyər iqtisadiyyatın digər sektorunun inkişafına da səbəb olur. Əgər neft sektorunda canlanma azalırsa, artım aşağı düşürsə, bu, qeyri-neft sektorunda da vəziyyəti müəyyən qədər mürəkkəbləşdirir. Nəzərə almaq lazımdır ki, Azərbaycanın ümumi ixracında qeyri-neft ixracının payı təxminən 10 faiz civarındadır. Bu onu göstərir ki, biz dünya bazarına çıxara biləcəyimiz rəqabət qabiliyyətli qeyri-neft sektoru məhsullarımız bunlardan ibarətdir”.

İqtisadçı qeyri-neft sektorunun inkişafı istiqamətində atıla biləcək addımlara diqqət çəkib:

“Gələcək illərdə düşünmək lazımdır ki, qeyri-neft sektorunun inkişafı istiqamətində nələr etmək lazımdır. Hökumətin bəzi tədbirləri var. Bu işlər sürətləndirilməlidir. Çünki 2024-də də yenə Azərbaycan iqtisadiyyatında artım neftin dünya bazarındakı qiymətindən və Qarabağda həyata keçirilən bərpa və quruculuq işlərinə yönəldilmiş dövlət investisiyalarından asılı olacaq. Odur ki, növbəti ildə də neftin dünya bazar qiyməti əgər çox yüksək olmasa, neft istehsalı da azalmaqda davam edirsə, Azərbaycanda çox böyük iqtisadi artım səviyyəsini proqnozlaşdırmaq çətindir. Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar daha da sürətləndirilməli, daha radikal işlər görülməlidir. 

Qeyri-neft sektoruna xarici investisyaların cəlbinə fikir vermək lazımdır. Bu, yeni iş yerləri, rəqabət qabiliyyətli yüksək texnologiyalara əsaslanan  istehsalın təşkili deməkdir. Odur ki, daha çox bu istiqamətdə düşünmək lazımdır”.

Vüsalə İsgəndərova

Xəbər xətti


Digər xəbərlər