Azərbaycan xalqının yüz il gözlədiyi Lider

GÜNDƏM bölməsi

12:02 - 24 Dekabr 2023

 Azərbaycan xalqının yüz il gözlədiyi Lider

Liderlərin millətin taleyi, onun dirənişi, parlaması və aparıcı etnosa çevrilməsində müstəsna xidmətləri olur. Ancaq türklərin tarixində liderlər tamamilə ayrı statusa malikdir.

İllərlə, onillərlə, hətta yüzillərlə türk qövmləri Liderin doğulmasını, Liderin gəlişini gözləyiblər, onlar şamanların öngörülərində olub, Liderin hansı əlamətləri özündə əks etdirəcəyini deyiblər və xalq da bu əlamətləri olan Liderini illərlə gözləyib.

Gözləyib ki, nəhayət, ağrı-acıdan qurtarsın;

Gözləyib ki, içindəki vulkanı üzə çıxara bilsin.

Meteni də, Atillanı da, Çingiz xanı da türklər bu cür gözləyiblər və bu liderlər türklərin haqqını verib, bütün dünyaya türk qüdrətini nümayiş etdirib.

Ən çətin anda, millətin ən ağır dönəmində, taleyinin həll olunduğu məqamlarda da milləti bəlalardan çıxaran Lider olub - əlbəttə ki, Allahın lütfü ilə.

Türkiyə cümhuriyyətinin elan olduğunu haqda məlumatı Roma Papasına çatdıranda, Papa əli ilə başını tutub, “Fateh Sultan Mehmet yenidən doğuldu” sözünü təsadüfən deməmişdi.

Yaxud: Britaniyanın Baş naziri David Lloyd “Dostlar, yüzillər nadir hallarda dahi yetişdirir. Bu talesizliyimizə baxın ki, o böyük dahi çağımızda türk millətinə nəsib oldu. Mustafa Kamalın dahiliyi qarşısında əldən nə gəlirdi ki!” kimi tarixi sözləri də təsadüf deyildi.

Azərbaycan xalqı da öz Xilaskarını illərlə, onillərlə gözləmişdi. o Xilaskar xalqı düşdüyü ağır vəziyyətdən çıxarmalı, işğala son qoymalı, günahsız insanların qisasını almalı, ölkəni bütövləşdirməliydi.

Bu günahsız qanlar isə 1905-ci ildən axırdı: 1918-ci ildə Bakı da daxil olmaqla, Azərbaycanın böyük şəhərlərində bu günahsızların qanı küçələrdən sel kimi axırdı; bu qanın üstündən adlayıb, qanla suvarılmış o torpaqları qamarlayıb, dövlət qurmuşdular, imarətlər tikmişdilər – ancaq yenə də gözləri doymamışdı.

Onillərlə doğma torpaqlardan sürgünlərlə üzləşdik; onillərlə min hektarlarla, min kilometrlərlə torpağımız qoparıldı, yüzminlərlə insanımız didərgin salındı, qovuldu, yurdu dağıdıldı, məhv edildi…

Yüzminlərlə azərbaycanlı bu dünyadan intizarla, həsrətlə, ümidlə köçdü.

Onlar Liderin gəlişini gözlədilər, yurd-yuvalarına dönəcəkləri günü arzuladılar.

Nəhayət, İlahi o Lideri bu xalqa bəxş etdi – yeni qətliamlar, eyni işğalların qarşısında duracaq Lider doğuldu.

Azərbaycan tarixində misilsiz sərkərdələr, dövlət başçıları, fatehlər saysız-hesabsızdır. Yalnız Şah İsmayılın, Nadir Şahın adını çəkmək kifayətdir ki, bu qüdrətli xalqın necə böyük ərazilərə hökm etdiyini, necə böyük fəthlər həyata keçirməyi bacardığını və ərazisi 5 milyon kv.km-dan böyük imperiya qura bildiyini müşahidə edəsən.
Ancaq İlham Əliyevi tariximizin böyük sərkərdələri ilə müqayisə etmək istəməzdik. Çünki dövr, zaman, günün reallıqları, dünyanın gerçəklikləri tamamilə fərqlidir. Əgər yüzillər öncə qüdrətli xalq üçün yalnız cəsarətli lider, fövqəladə sərkərdəlik bacarığı olan başçı lazım idisə, indiki şərait tam fərqlidir.

Ona görə İlham Əliyevi öz dövrünün reallıqları içərisində qiymətləndirmək daha doğrudur və onu müqayisə etmək üçün… lider yoxdur.

Ən yeni tariximizdə elə bir lider yoxdur ki, böyük ərazi, ən müasir silahlar, böyük orduları olan fövqəlgüclərin maraqlarını neytrallaşdıraraq, ölkəsini işğaldan tamamilə xilas edə bilsin.
Dünyada yüzlərlə belə konfliktlər var, keçmiş SSRİ respublikalarında da çoxsaylı münaqişələr mövcuddur. Yalnız Azərbaycan öz ərazi bütövlüyünü təmin edə bilib.
Başqa heç bir müqayisə yoxdur – İlham Əliyev müasir dünya tarixində ilk yaradım, birinciliyə imza atıb.

Həm də arzulanandan, gözləniləndən, umulandan qat-qat artığını bacarıb. 

Kimsə Qarabağın tamamilə təmizlənəcəyini, heç bir statusun olmayacağını hətta 2019-cu ildə təsəvvür belə etmirdi. Ancaq ən son informasiyalar təsdiqləyir ki, bunu hələ prezident seçildiyi ilk illərdən təsəvvür edən, ölkənin bütün resurslarını, öz fövqəladə diplomatik bacarığını bu istiqamətdə səfərbər edən varmış – bu, İlham Əliyevdir!

İlham Əliyev xalqımızın 100 ildən artıq bir dövrünün ən parlaq səhifəsini yazan, bu tarixi yaradan şəxsdir.

Bu gün İlham Əliyevin – Azərbaycan tarixinə adı qızıl hərflərlə yazılan Xilaskarın anadan olduğu gündür və artıq bütün xalqımız yaxşı bilir ki, o, 1961-ci ilin 24 dekabrında yalnız Heydər Əliyev və Zərifə Əliyevanın ocağına bəxş edilməyib, bu xalqa göndərilib.

İlham Əliyev şəhərlərin, kəndlərin özülünü qoyan, 15 min kv.km-lik dağıdılmış, məhv edilmiş torpağa can verən, ona həyat qaytaran Liderdir.

Tanrının bizim üçün seçdiyi Liderə 7 fevralda HƏ deyəcəyik və onun bizim gələcəyə götürəcəyinə əminik!

Duamız odur ki, Tanrı İlham Əliyevə bu xalq üçün arzularının hamısını həyata keçirmək fürsəti versin!

Nazlı Onur

Xəbər xətti


Digər xəbərlər