Paşinyanın “sülhü gecikdirmə” mesajı kimə ünvanlanıb?

SİYASƏT bölməsi

10:26 - 20 Dekabr 2023

 Paşinyanın “sülhü gecikdirmə” mesajı kimə ünvanlanıb?

Paşinyan həmişəki kimi Azərbaycanı sülhü gecikdirməkdə və ya sülh prosesinə sadiq olmamaqda günahlandırır.

Bu sözləri Yenipress.az-a Paşinyanın bölgədə baş verən son hadisələrin sülh prosesinə təsiri haqqında fikirlərini şərh edən siyasi şərhçi Turab Rzayev deyib.

Siyasi şərhçi bildirib ki, Paşinyan hökuməti Azərbaycanın 8 kəndi tələb etməsini sülhü pozmaq kimi dəyərləndirir:

“Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və parlamentin spikeri Alen Simonyan dəfələrlə Azərbaycanın razılaşması halında sülh müqaviləsinin qısa müddət ərzində imzalanmasının mümkünlüyündən danışıb. Digər tərəfdən dövlətimizin hələ də işğal altında qalan 8 kəndi tələb etməsini Paşinyanın özü və komandası dəfələrlə sülh prosesinə sabotaj kimi qiymətləndirib, eyni zamanda qarşılığında baş nazir Azərbaycanı işğalçılıqda ittiham edib. Bununla bərabər delimitasiya məsələsində də guya ölkəmizin fərqli xəritələrə görə Ermənistandan əlavə ərazilər qoparmaq istədiyini bildiriblər. Lakin dövlətimiz ancaq bizim olanı tələb edir, rəsmi İrəvanın ortaya atdığı 1975-ci il xəritəsi isə ümumiyyətlə yoxdur”.

Turab Rzayev Ermənistan baş nazirinin sözlərinin Rusiyanın sülh prosesini yubatma istəyi ilə bağlı ola biləcəyini qeyd edib:

“Son açıqlamaya gəldikdə isə onu deyə bilərəm ki, Rusiya sülh müqaviləsinin imzalanmasında maraqlı deyil və bunu açıq şəkildə dilə gətirir. Moskva Qərbin Cənubi Qafqazda sülhyaratma missiyası ilə çıxış etməsini istəmir, xüsusilə AB-nin, Brüsselin bölgəyə müdaxiləsini sülhün sabotajı kimi qiymətləndirir. Yəni Rusiyanın məqsədi Ukrayna müharibəsi bitəndən sonra Azərbaycan və Ermənistan arasında sülh prosesinin yekunlaşdırılmasına çalışmaqdır. Ola bilsin ki, Paşinyan da “bölgədə baş verən proseslər” dediyi zaman Rusiyanın Ukraynada qazandığı nisbi üstünlüyünü və bundan faydalanaraq Azərbaycana sürətli sülh prosesinə getməməsi üçün təzyiqləri artırmasını nəzərdə tutub”.

Söhrab İsmayıl

Xəbər xətti


Digər xəbərlər