Güneyin 4 təşkilatı Əliyevə müraciət etdi

GÜNDƏM bölməsi

17:57 - 14 Dekabr 2023

 Güneyin 4 təşkilatı Əliyevə müraciət etdi

Güney Azərbaycanın 4 təşkilatı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb:

Yenipress.az müraciətin mətnini təqdim edir:

“Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri, cənab İlham Əliyev!

Müstəqil Azərbaycan Respublikasının uzun illər istibdad və müstəmləkəçilikdən sonra yenidən qurulması bu gün dünyanın hər yerində yaşayan Azərbaycan türkü üçün fəxr və yeni bir ümid şüasıdır. Şübhəsiz, bugünkü qüdrətli Azərbaycanın yaranmasında Prezident və Ali Baş Komandan olaraq sizin misilsiz rolunuz danılmazdır. Beynəlxalq diplomatiya sahəsindəki uğurlarınız, türk və islam dünyası iclaslarındaki çıxışlarınız, Azərbaycanın tarixi coğrafiyasının taleyi və gələcəyi ilə bağlı həssaslığınız, xüsusilə, Qarabağın azadlığı uğrunda aparılan döyüşlərdə müdrik komandanlığınız danılmazdır. Bu, millətimizin tarixinə əbədi olaraq həkk olunub.

Zati-alinizin dəfələrlə vurğuladığı kimi, dünyanın dörd bir yanında hər bir Azərbaycan türkünün müqəddəratı və hüququ sizin üçün önəmlidir və siz 50 milyon azərbaycanlının məsuliyyətini öhdələnmisiniz.

Hörmətli cənab Prezident!

Məlumunuz olduğu kimi, Güney Azərbaycanda və İranın müxtəlif bölgələrində 35 milyon türk yaşayır. Onlar istibdad, müstəmləkəçilik, ayrı-seçkilik və inkar siyasəti altında əzilirlər. İran rejimi xalqımıza qarşı assimilyasiya və məcburi köç vasitəsi ilə tarixi torpaqlarımızda cəmiyyət tərkibini dəyişdirmək siyasəti tətbiq edir. Çalışır ki, xalqımızın keçmişdə Qarabağda yaşadığı faciənin bənzərini Güney Azərbaycanın qərb bölgələrində və Xəzər sahillərində ortaya çıxartsın.

Azərbaycanın böyük qızıl və mis mədənləri kimi təbii ehtiyatları talan olunur və təbiəti qəsdən məhv edilir. Urmu gölü fəlakəti bunun bariz nümunəsidir. Tarixi kimliyimizin önəmli hissəsi və atalarımızın mirası olan binalar, abidələr son yüz il ərzində sistemli şəkildə dağıdılıb və bu çirkin siyasət indi də davam edir. Ana dilimiz olan Azərbaycan türkcəsi davamlı şəkildə inkar və məhv edilir.

İranda şiəlik adı altında şüubiyyəçilik siyasəti aparılır. Yəni, şiə örtüyü altında fars milliyyətçiliyi siyasəti yürüdülür. Məhz bu ideologiyaya görə, İran rejimi Qarabağ münaqişəsində işğalçı Ermənistanın tərəfini tutdu və “şiə qardaşları”nı kürəyindən bıçaqladı.

Azərbaycanın kimliyini və milli varlığını dinc və mədəni yollarla müdafiə edən Güney Azərbaycanın türk övladları şiddət və işgəncələrə, uzunmüddətli həbs cəzasına məhkum edilir. Yaxud, iş yerlərində, məktəbdə və ya universitetdə fəqli-fərqli basqılara məruz qalır.

Biz bilirik ki, Sizin Güney Azərbaycana qarşı tətbiq olan ayrı-seçkilik və repressiyalar haqqında bilginiz var. Ona görə də Güney Azərbaycanda yaşayan soydaşlarınızın hüquq və taleyi ilə bağlı narahatlığınızı dəfələrlə dilə gətirmisiniz.

Hörmətli cənab Prezident!

Biz Güney Azərbaycan təşkilatları olaraq millətimizə qarşı tətbiq edilən təzyiqləri və repressiyaları beynəlxalq səviyyədə, türk və islam dünyası ölkələrinin iclaslarında dilə gətirərək, səsimiz olmağı Sizdən xahiş edirik. Xahiş edirik ki, Güney Azərbaycanda xalqımızın tapdalanan hüquqlarının müdafiəçisi olmağa davam edəsiniz və əminik ki, Sizin müdrik siyasətiniz sayəsində Güney Azərbaycan da bir gün öz hüquqlarını almağa nail olacaq.

Əmin olun ki, on milyonlarla Güney Azərbaycan türkünün qəlbi Sizinlədir və İkinci Qarabağ savaşında olduğu kimi, xalqımız lazım olanda Quzey Azərbaycandakı bacı-qardaşları üçün heç bir dəstəyi və fədakarlığı əsirgəməyəcəkdir.

Yaşasın müstəqil Azərbaycan dövləti və milləti!

Güney Azərbaycan Demokrat Partiyası

(Güney) Azərbaycan Mərkəz Partiyası - AMP

(Güney) Azərbaycan Milli Dirəniş Təşkilatı - Dirəniş

(Güney) Azərbaycan Öyrənci Hərəkatı – AZOH”.

Xəbər xətti


Digər xəbərlər