Sülh sazişində Azərbaycanın tələbləri – Ekspert

GÜNDƏM bölməsi

12:02 - 13 Dekabr 2023

 Sülh sazişində Azərbaycanın tələbləri – Ekspert

Ermənistanda artıq sülh müqaviləsi ilə bağlı spekulyasiyalar başlayıb. Spekulyasiların başlamasının əsas səbəblərindən biri Azərbaycanın mövqeyinin güclənməsidir.

Bu sözləri Yenipress.az-a Ermənistanda sülh müqaviləsi mətni ətrafında aparılan müzakirələr haqqında danışan Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru, siyasi şərhçi Fərhad Məmmədov deyib.

Siyasi şərhçi Azərbaycanın qətiyyətli addımlarına görə Ermənistanın yeni sülh müqaviləsi versiyasında Qarabağa aid qeydləri çıxarmağa məcbur olduğunu vurğulayıb:

“Keçmiş xarici işlər naziri Vardan Oskanyan da bu haqda verdiyi açıqlamada müqavilə mətninin yeni versiyasında Qarabağla bağlı hansısa qeydin olmadığını bildirib. Fikrimcə, Oskanyanın sözügedən açıqlamasını diqqətə almaq lazımdır. Çünki Ermənistanda orta və yüksək səviyyəli diplomatlar əsasən onun dövründə yetişib və Oskanyana məlumatın sızdırılması ehtimalı daha çoxdur. Bundan başqa bir neçə gün öncə İlham Əliyev ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda çıxışı zamanı sülh müqaviləsi mətninin 20-yədək maddədən və altı-yeddi səhifədən ibarət olduğunu qeyd edib. Ölkə başçısı sənəddə Qarabağa aid hansısa bənd və ya qeydlərin olmasının müqavilənin imzalanmasında əsas maneə olduğunu deyib. Bu qeydlər edilməsə, saziş iki ölkə arasında münasibətləri tənzimləyən sənəd olacaq. Fikrimcə, dövlət başçısının toxunduğu məqamlar fonunda Ermənistanın son dəyişikliklərinin məhz bununla əlaqədar olduğunu demək mümkündür. Ona görə də erməni tərəfi öz versiyasını Azərbaycana göndərəndə tez bir zamanda müqaviləni imzalaya biləcəklərini dedi. Armen Qriqoryanın sülh müqaviləsinin 70 faizinin razılaşdırıldığı haqqında verdiyi açıqlamanın da yəqin ki, səbəbi budur”.

Fərhad Məmmədov eyni zamanda Azərbaycanın Ermənistandan separatçıların fəaliyyətinə imkan verməyəcəyinə dair konkret şəkildə zəmanət tələb etdiyini deyib:

“Əlbəttə, proses bununla bitmir, dövlətimiz qarşı tərəfdən zəmanət istəyir. Separatçıların başçısı Samvel Şahramanyanın 28 sentyabrda imzaladığı sənədə görə 1 yanvar 2024-cü ilədək hər şey bitməlidir. Bu tarixədək nə baş verəcəyini gözləməliyik. Yəni Ermənistan konkret addımlar atmalı, öz ərazisində hansısa ad altında separatçıların fəaliyyətinə imkan verməməlidir. Maliyyələşməni kəsməklə məsələ bitmir. Qarşılıqlı etimadın formalaşması üçün sülh müqaviləsinin mətninin hazırlanmasından əlavə müəyyən addımlar atılmalıdır”.

Xəbər xətti