Türk dövlətləri arasında ticarət dövriyyəsi artdı

İQTİSADİYYAT bölməsi

10:30 - 3 Noyabr 2023

 Türk dövlətləri arasında ticarət dövriyyəsi artdı

Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının noyabrın 2-də “Türk Əsri” çağırışı altında keçiriləcək 10-cu yubiley Zirvə görüşündə iştirak etmək üçün Qazaxıstana səfərdədir. Son illər Türk dövlətləri arasında iqtisadi əlaqələrin daha da dərinləşməsi müşahidə olunur. Hazırda Türk Dövlətləri Təşkilatının üzv ölkələrin əhalisi 173 milyon nəfərdən çoxdur.

Yenipress.az xəbər verir ki, bu barədə millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov qeyd edib.

Millət vəkili bildirib ki, üzv dövlətlərdə ÜDM-in həcmi 1.5 trilyon ABŞ dollarından, ticarət dövriyyəsi isə 1.2 trilyon ABŞ dollarından artıqdır:

“Türk dövlətləri dünya əhalisinin 2.2 faizini, ümumi ticarət dövriyyəsinin 2.4 faizini və qlobal ÜDM-in 1,6 faizini təşkil edir. 2022-ci ildə Azərbaycanla türk dövlətləri arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 70.0 faiz artaraq 5 milyard 23 milyon dollardan 7 milyard 170 milyon dollara qədər yüksəlib. Ötən il Azərbaycanın bütün türk dövlətləri ilə ticarət dövriyyəsində artım qeydə alınıb. Qazaxıstanla dövriyyəmiz ötən il əvvəlki ilə nisbətən 4.4 dəfə artaraq 135 milyon 799 min dollardan 598 milyon 486 min dollaradək yüksəlib. Türkmənistanla dövriyyədə isə 5.1 dəfə artım qeydə alınıb. Ticarət dövriyyəmiz ötən il 105 milyon 23 min dollardan 535 milyon 397 min dollara çatıb. Özbəkistanla ticarətdəki 64.0 faizlik artım birgə dövriyyəmizi 111 milyon 903 min dollardan 2022-ci ildə 183 milyon 307 min dollaradək artırıb. Mərkəzi Asiyanın digər türk dövləti olan Qırğızıstanla da ticarət dövriyyəmizdə artım qeydə alınıb. İki dövlət arasındakı dövriyyə ötən il 17.0 faiz artaraq 9 milyon 18 min dollardan 2022-ci ildə 10 milyon 809 min dollaradək yüksəlib”.

Bayramov qardaş Türkiyə ilə dövriyyəmizin ötən il 6.0 milyard dollara yaxınlaşdığını vurğulayıb:

“2021-ci ildə 4 milyard 661 milyon dollar olan ticarət dövriyyəsi ötən il 5 milyard 842 milyon dollaradək yüksəlib. Ticarət dövriyyəsinin böyüməsini birbaşa türk dövlətləri arasındakı münasibətlərin xüsusən də son 2 ildə dərinləşməsi ilə bağlıdır. Azərbaycanın əldə etdiyi zəfərdən sonra türk dövlətləri strateji əməkdaşlığı daha da gücləndiriblər. Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsinin yaxın illərdə 15 milyard dollaradək yüksəlməsi hədəflənir”.

Xəbər xətti