Pensiya və maaşlar bu qədər artacaq - Millət vəkili

İQTİSADİYYAT bölməsi

13:45 - 30 Oktyabr 2023

 Pensiya və maaşlar bu qədər artacaq - Millət vəkili

Millət vəkili, iqtisadçı alim Aydın Hüseynovun Yenipress.az-a müsahibəsi:

- Hazırda ölkəmizin resursları işaldan azad olunmuş ərazilərimizin sürətli bərpasına səfərbər olunub. Çünki ermənilər 30 il müddətində bütün ərazini, kənd və şəhərləri yer üzündən silib, meşələri məhv edib. Sizcə, bu bərpa-quruculuq prosesinə bundan sonra nə qədər vəsait sərf oluna bilər?

- Hazırda Böyük Qayıdış uğurla icra olunur. Qələbədən sonrakı üç il müddətində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonundakı bərpa-quruculuq işlərinə dövlət büdcəsindən 7 milyard dollar vəsait ayrılıb. 2024-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə təqdim olunub və yaxın günlərdə büdcə layihəsində azad edilmiş ərazilərdə aparılan sürətli bərpa və yenidən qurulma işlərinin miqyasının daha da artırılması ilə bağlı xərclərin artımının şahidi olacağıq. Azad olunmuş ərazilərdə şəhər və kəndlərin bərpası və yenidən qurulması, infrastrukturların yaradılması geniş vüsət alır və bundan sonrakı mərhələdə bu işlər daha da genişlənəcək, Xankəndi, Ağdərə, Xocavənd də bu layihələr icra olunacaq. Ona görə də büdcədə azad edilmiş ərazilərlə bağlı nəzərdə tutulan maliyyə təminatının böyük bir hissəsi həm də qeyd edilən ərazilərin yenidən qurulmasına yönəldiləcək.

Qarşıdakı illərdə də büdcədən işğaldan azad olunmuş ərazilərin bərpasına vəsaitlər artırılacaq. İşğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış" Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub. Həmin Proqramın icrası üçün ümumilikdə, təqribən, 30,5 milyard manat məbləğində vəsait tələb olunur. Eləcə də azad edilmiş rayonların hər birinin Baş planalrı ilə bağlı tədbirlər proqramında 2040-cı ilə kimi hədəflər müəyyən olunub ki, bu da əlavə vəsaitlərin ayrılmasına səbəb olacaq.

- Qarabağın bərpasında xarici investorların iştirakını müşahidə etmirik. Bütün prosesi Azərbaycan dövləti öz gücü ilə edir. Sizcə, nə etmək lazımdır ki, xarici investorlar da bərpa prosesinə cəlb edilsin və Qarabağa yatırımlar qoysunlar?

- Bölgəyə xarici investorların da marağı böyükdür. Buradakı zəngin mineral ehtiyatların mənimsənilməsinə, Yaşıl enerji konsepsiyasına və ekoturizm proqramına qoşulan dövlətlərin sayı artır. Hökumət onların fəaliyyətini stimullaşdırmaq üçün 10 illik vergi və digər iqtisadi güzəştlər təbiq edib ki, bu da regionun ən güclü investisiya zonasına çevrilməsinə səbəb olacaq. Nəticədə Azərbaycan böyükhəcmil sərmayələr qoyulacaq.

- Qarabağ iqtisadi rayonunun ölkəmizin iqtisadiyyatına inteqrasiyası da prioritetdir. Nəzərə alsaq ki, Qarabağın iqtisadi potensialı, turizm imkanları həddən artıq genişdir, onda bu inteqrasiya əlavə gəlirin gəlməsinə səbəb olacaq. Bununla bağlı proqnozunuz necədir? Qarabağ iqtisadi rayonu özünün, belə deyək, “qazancını” nə vaxt göstərə bilər?

- Azad edilən ərazilər zəngin resurslara malikdir, Cəbrayıl və Kəlbəcər ərazisində sənaye və balıqçılıq sahəsinin inkişafı mümkündür. İpəkçilik üzrə Cəbrayıl rayonu və Şuşa şəhəri, taxılçılıq üzrə Kəlbəcər, Cəbrayıl, Tərtər, Qubadlı, Füzuli və Xocavənd rayonları böyük potensiala sahibdirlər. Kənd təsərrüfatı məhsullarının emalı sahəsində ət-süd məhsulları emalı üzrə Kəlbəcər, Tərtər və Füzuli, gön-dəri emalı üzrə Ağdam, Cəbrayıl, Laçın və Füzuli rayonlarımız geniş potensiala sahibdirlər. Dağ mədən sənayesi üzrə Kəlbəcər və Zəngilan və Ağdərəda qızıl, mis, gümüş, civə və xromit ehtiyatları, Cəbrayıl rayonunda yerləşən “Yəşəm” və “Xalsedon” yataqları zərgərlik sahəsini inkişaf etdirməyə imkan verir. Əlavə olaraq, turizm sahəsinin inkişafına imkan verəcək gözəl guşələrimizdən olan Şuşa, Laçın, Kəlbəcər ərazilərimizdə dağ turizmi, ekoturizm, müalicəvi turizm və mədəni turizm üçün yararlıdır.

Eyni zamanda, Zəngəzur dəhlizi Yeni İpək Yolunun ən mühüm hissəsi kimi region ölkələri arasında qlobal ticarəti və tranziti təmin edəcək və Azərbaycan bu marşrutdan böyük gəlirlər əldə edəcək.

- Ölkəmizdə növbəti ildən də minimum maaş və pensiyaların artacağı haqda iqtisadçıların proqnozu var. Sizcə, 2024-cü ildə maaş və pensiyaların neçə faiz artması gözlənilir?

- 2024-cü ildə pensiya və təqaüdlərin 10-15 faiz artması gözlənilir.

Nazlı Onur

Xəbər xətti