Süni qiymət artımı bəhanədir: bahalaşmanın əsl səbəbi budur!

İQTİSADİYYAT bölməsi

22:39 - 12 Yanvar 2023

 Süni qiymət artımı bəhanədir: bahalaşmanın əsl səbəbi budur!

Sosial Tədqiqatlar Mərkəzi ölkədəki qiymət artımının səbəbləri ilə bağlı sorğu keçirib, metadologiya və fokus-qrupla bağlı məlumat tapmasam da, görünən odur ki, respondentlər səbəblərlə bağlı STM-in öz cavab versiyalarından seçim ediblər və iki məsələ - süni qiymət artımı və Rusiyanın Ukraynaya təcavüzü iki əsas cavab versiyası kimi önə çıxıb.

Yenipress.az xəbər verir ki, bununla bağlı məlumatı şərh edən iqtisadçı ekspert Natiq Cəfərli Rusiyanın Ukraynaya təcavüzünün qiymət artımına, logistik zəncirlərin qırılmasına səbəb olduğunu təsdiqləyib.

“Amma bu süni qiymət artımı mövzusunu birdəfəlik bağlamaq lazımdır, çünki hökumət və iqtidara yaxın deputatlar, məmurlar tez-tez bu süni qiymət artımı bəhanəsini ortalığa atıb məsuliyyətdən yayınmağa çalışırlar, nəticədə isə bu yanaşma biznesin başında çartlayır, pərakəndə satışla məşğul olan iş adamlarının cərimələnməsinə səbəb olur. Odur ki, gəlin bu məsələni ölkə qanunvericiliyinə və iqtisadi məntiqə görə tezislərlə birlikdə araşdıraq:

- Əgər hansısa ölkədə süni qiymət artımı dominantdırsa, deməli, həmin ölkədə bazar iqtisadiyyatı, rəqabət yoxdur, iqtisadi qanunlar işləmir, o zaman Azərbaycan hökuməti çıxıb etiraf etsin ki, bizdə iqtisadiyyat yoxdur, bazar yoxdur,

- Süni qiymət artımı/azalması ancaq “kartel sövdələşməsi” ilə mümkündür, dünyada çox zaman kartel sövdələşməsi dempinq üzərinə inşa edilir, yəni, qiymətləri endirərək kiçik-orta rəqibləri bazardan sıxışdırmaqla baş verir. Bunu sübut etmək isə əsl istintaq işi olur, bəzən illərlə aparılan istintaq nəticəsində məhkəmələrdə bu sübut olunur və nəticədə böyük şirkətlər yüksək məbləğdə cərimələr ödəməyə məcbur qalırlar,

- Süni qiymət artımı qanuna söykənən anlayış olmalıdır, yəni, qanunlar bu anlayışı izah etməlidirlər, bizdə isə dövlətin qiymətlərə müdaxilə etməsi üçün mexanizm yoxdur (və olmamalıdır da), bir tək Tarif Şurası tərəfindən tənzimlənən qiymətlər dövlət tərəfindən müəyyən edilir. Məsələn, mənim dükanım var, orada istədim malı istədiyim qiymətə sata bilərəm – bunu mənə qadağan edən heç bir qanun yoxdur, sadəcə, qazancımdan vergiləri doğru-dürüst ödəməliyəm ki, dövlət də ancaq bu məsələyə qarışa bilər, yəni, dövlət gəlib mənə öz dükanımda, məsələn, almanı niyə 5 manata satdığımı irad göstərə bilməz, buna ixtiyarı və salahiyyəti yoxdur. Deməli, süni qiymət artımı subyekti pərakəndə satış obyekti ola bilməz, ölkədə onminlərlə pərakəndə satış obyektləri varsa, onların sövdələşməsi, süni qiymət artırması mümkün deyil,

- Gələk topdansatış məsələsinə, əslində bu sahədə də biznesə süni qiymət artımı ilə bağlı irad bildirmək çətindir, yəni, dövlətin antiinhisar orqanları istindaq apararaq sübut etməlidirlər ki, ortada qiymət sövdələşməsi var və ancaq bundan sonra həmin şirkətləri cəzalandırmaq mümkündür. Qanunla, məsələn, A şirkəti xaricdən 5 manata aldığını lap 50 manata da sata bilər, dövlət qarşısında öhdəliyi ancaq və ancaq qazancından və dövriyyəsindən düzgün vergi ödəməsidir”, - ekspert bildirib.

O, “süni qiymət artımı” termininə də aydınlıq gətirib:

“Hər dəfə belə kampaniyalar başlayanda kiçik-orta dükanlara zərbə dəyir, onlar “günah keçisinə” çevrilirlər, həmin obyektlərə bir sürü yoxlayıcılar gəlir, cərimələr yazıb, ya da rüşvət alıb gedirlər, nəticədə kiçik-orta biznesə zərbə dəyir, onlar da məcburən ödədikləri cəriməni və ya rüşvəti qiymətin üzərinə gəlirlər ki, bankrot olmasınlar. 

Bəs, necə etmək lazımdır ki, sahibkarlar malı baha qiymətə satmasın?

Bunun üçün əsas alətlər RƏQABƏT, bazar iqtisadiyyatı institutları və ədalətli məhkəmə sistemidir – vəssalam, bunun başqa yolu yoxdur. Dövlət qiymətlə madaxilə etməyə başlayanda sonda həmişə qiymətlər daha da artır və hətta qıtlıq da yaranır – SSRİ örnəyi buna çox böyük sübutdur. Qiymətləri dövlət tənzimləyirdi, amma piştaxtalarda heç nə yox idi, eyni mal alverçilərdə və ya piştaxta altından daha baha satılırdı.

Süni qiymət artımı məsələsini ictimai rəyə ataraq hökumət məsuliyyətdən yayınır, populistlik edir, iqtidarın əlində qiymət artımı ilə mübarizə üçün qanuni və effektiv alətlər var ki, onlardan istifadə etmək istəmir. Həmin alətlər vergi dərəcələri, gömrük rüsumları və ədalətli rəqabət yaratmaq öhdəliyidir”.

Yenipress.az

Xəbər xətti