DTX DİN-in İran casusu olan zabitini saxladı - Şok iddia

TOPLUM bölməsi

15:54 - 14 Fevral 2024

 DTX DİN-in İran casusu olan zabitini saxladı - Şok iddia

Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Xüsusi İdarəsinin baş kəşfiyyatçısı, polis polkovnik-leytenantı Tərlan Abbaszadənin dövlətə xəyanət ittihamı ilə həbs olunduğu bildirlir.

Yenipress.az Meydan TV-yə istinadən xəbər verir ki, Abbaszadə İranın xüsusi xidmət orqanı ilə gizli əməkdaşlıqda ittiham edilir.

İddia olunur ki, Tərlan Abbaszadə İranın xüsusi xidmət orqanının əməkdaşı ilə mütəmadi görüşüb, sirr sayılan bir sıra məlumatları ona çatdırıb. Həmin şəxsin eyni zamanda, İranın Azərbaycandakı səfirliyində çalışdığı bildirilir. İttihama görə, polis polkovniki bu əməkdaşlıq müqabilində ondan pul alıb.

Məlumata görə, 1984-cü il təvəllüdlü Tərlan Abbaszadə 2007-2022-ci illərdə daxili işlər orqanlarında müxtəlif vəzifələrdə işləyib. Onu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları saxlayıb. Onun işi üzrə istintaq da DTX-nın İstintaq Baş İdarəsində aparılıb.

Tərlan Abbaszadə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə ona qarşı irəli sürülmüş ittihamı qəbul etmir. O, özünü təqsirli bilmir. Məhkəmə isə onun təqsirli olması nəticəsinə gəlib və 17 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Tərlan Abbaszadənin yaxınları və vəkili bu məlumatla bağlı hələ şərh verməyib.

Xəbər xətti