Tanınmış rejissor Prezidentə müraciət etdi

TOPLUM bölməsi

14:20 - 21 İyul 2022

 Tanınmış rejissor Prezidentə müraciət etdi

Əməkdar İncəsənət xadimi, “Qızıl Dərviş” mükafatşısı Oruc İzzətoğlu Qurbanov Prezident İlham Əliyevə müraciət edib.

Yenipress.az müraciətin mətnini təqdim edir:

"Hörmətli cənab Prezident!

Mən 1949-cu ildə Bakı şəhərində anadan olmuşam. Atam 1954-cü ildə “Paris kommmunası” zavodunda iş vaxtı faciəvi surətdə həlak olub və mən Bakı şəhərinin 8 saylı internat məktəbində təhsil almışam. Əvvəlcə Bakı Dövlət İncəsənət İnstitutunu, daha sonra Mədəniyyət Nazirliyinin göndərişi ilə 1979 – 80 ci illərdə Moskvada görkəmli rejissor A.V.Efrosun rəhbərliyi altında Ali Teatr Rejissorluğunu bitirmişəm. 55 ildir ki, professional teatr sahəsində çalışıram. Yüzə yaxın teatr, bir o qədər də radio-televiziya tamaşalarına quruluşlar vermişəm. Bu illər ərzində Mədəniyyət Nazirliyinin sərəncamı ilə bir neçə teatrda baş rejissor vəzifəsində çalışmışam.

1994-cü ildə ilk dəfə Xocalı soyqrımına həsr olunmuş “Haray” bədii filmini, 1995-ci ildə Ümummilli Liderimiz Heydər Əliyevə həsr olunmuş “Haqqa doğru” sənədli-bədii televiziya filmini çəkmişəm. Bu filmlər yüksək bədii qiymətini alıb və mütəmadi olaraq telekanallarda nümayiş etdirilir. Bir neçə dövlət tədbirinin ssenari müəllifi və rejissoru olmuşam. Həmin tədbirlərin professional səviyyəsini H.Əliyev cənabları vaxtında qiymətləndirib. 2002-ci ildə Ümummilli Liderimiz H. Əliyevin fərmanı ilə Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülmüşəm.

2005-ci ildə Akademik Milli Dram Teatrında Mir Cəlalın Paşayevin 100 illiyi münasibəti ilə “Dirilən adam” romanı əsasında səhnələşdirdiyim eyniadlı pyesi tamaşaya qoymuşam. Bu tamaşa 2006-cı ildə ilin ən yaxşı tamaşası və  ilin ən uğurlu rejissoru kimi də “Qızıl Dərviş” mükafatına layiq görülmüşəm.

2007-ci ildə Akademik Musiqili Teatrda hazırladığım və liberetto müəllifi olduğum “Şəhərdə manyak var” və Ə. Əmirlinin “Yeddi məhbusə anası” tamaşası Azərbaycan Dövlət Televiziyasında ilin ən yaxşı tamaşası kimi qeyd olunmuşdur.

2007-ci ildə xalq yazıçısı İ.Əfəndiyevin “Geriyə baxma, qoca” romanı əsasında xalq yazıçısı Elçinlə birgə Qarabağ tarixinə həsr olunmuş eyniadlı dram əsərini səhnə üçün işləmişik. 

2011-ci ildən 2020-ci ilə qədər möhtərəm Prezident İlham Əliyevin sərəncamı ilə prezident mükafatına layiq görülmüşəm. Lakin nə səbəbdənsə 2020-ci ildən almıram. Təsəllim bu olub ki, bəlkə Prezident təqaüdü verildi...

Teatrla yanaşı ədəbiyyat, dramaturgiya, sənətşünaslıq sahəsində də fəaliyyət göstərirəm. On beş cild  həcmində roman, povest, onlarla tarixi və müasir mövzuda dram əsərlərinin müəllifiyəm. Bu əsərlər bir çox mötəbər ədəbi məclislərdə, Elmi-dini şurada müzakirə edilib, mütəxəssislər tərəfindən layiqli qiymətini alıb.

Molla Nəsrəddinin yubileyi münasibətilə “Molla Nəsrəddinin Teymurləngi ram etməsi” kino-romanımı bitirmişəm. Son ədəbi işim “Ağa Məhəmməd şah Qacar” kino-ssenarisidir. Hazırda Akademik Musiqili Teatrda Gövhər Həsənzadə və Əmir Pəhləvanin “Sevənlərindir Dünya” tamaşasını hazırlayıram.

Mən incəsənətimiz üçün daima çalışdığıma baxmayaraq sıxıntılı bir şəraitdə yaşayıb yaradıcılıqla məşğul oluram. Binəqədi rayonu, Ş. Rəhimov küçəsi – 55, mənzil 2-də 29,33 kv metrlik mənzildə “Paris kommunası” zavodu tərəfindən bizə 1960-cı ildə verilən mənzildə yeddi nəfər yaşayırıq. Oğlum üçüncü qrup əlildir. Bu yaxınlarda ilk övladı ünyaya gələcək.

Ekranlaşdırdığım “Haray” bədii filmi Azərbaycan kino tarixində yeganə filmdir ki, bütün dördaylıq çəkilişlər gecələr, şaxtalı havada, Qarabağın qarlı dağlarında çəkilib. Həmin çəkilişlər zamanı soyuqlayaraq bir müddətdən sonra cərahiyyə əməliyyatına məruz qalıb bir böyrəyimi itirdim, ömürlük II qrup əlil oldum. Vaxtaşırı hər üç aydan bir Xəzər Dəniz Gəmiçiliyi Xəstəxanasında həkimlərin müayinəsindən keçirəm. İllərdir ki, maddi ehtiyacdan sağlamlığımın qeydinə qala bilmirəm.

Nəzərinizə çatdırım ki, vəziyyətimlə bağlı uzun illərdir ki, dəfələrlə rəsmi orqanlara müraciət etmişəm. Hər dəfə də bildirilib ki, mənzil məsələsi üçün özəl sektora müraciət edim. Mənim isə buna heç vaxt imkanım çatmayacaq.

Hörmətli cənab Prezident! Elm, mədəniyyət, incəsənət xadimlərinə göstərilən diqqət, qayğı və hörmət neçə-neçə ailələrə sevinc, firavan həyat bəxş etmişdir. Sizdən artıq dərəcədə xahiş edirəm ki, sənət adamlarına göstərdiyiniz qayğıdan qarşıdan gələn 73 illiyim  ilə əlaqədar mənim ailəmə də həsrətində olduğumuz sevinc payını hədiyyə edəsiz".

Xəbər xətti