Gömrüyün yeni sədri qisas əməliyyatına başladı - Polkovnik qovuldu

TOPLUM bölməsi

12:39 - 21 İyul 2022

 Gömrüyün yeni sədri qisas əməliyyatına başladı - Polkovnik qovuldu

Dövlət Gömrük Komitəsinin sədri səlahiyyətlərini icra edən Şahin Bağırov komitədə kütləvi təmizləmə prosesinə start verib.

Yenipress.az-a daxil olan məlumatda bildirilir ki, Şahin Bağırov sabiq sədr Səfər Mehdiyevin əsas adamlarından sayılan İnsan Resursları İdarəsinin rəisi Fərhad Babayevi vəzifəsindən qovub.

Qeyd edək ki, 1976-cı il təvəllüdlü Fərhad Babayev də Səfər Mehdiyev kimi, Türkiyədə təhsil alanlardandır. Vergi sistemində çalışıb, Bakı şəhər Vergilər Departamentində şöbə rəisi, idarə rəisi, Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin İqtisadi təhlil idarəsinin direktoru vəzifəsində çalışıb.

Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin sədri təyin edildikdən sonra ilk işi onu Gömrük Komitəsinə gətirmək olub. Belə ki, 2018-ci ildə Fərhad Babayev Dövlət Gömrük Komitəsinin sədrinin müvafiq əmri ilə Komitənin İnsan Resursları idarəsinə idarə rəisi vəzifəsinə təyin edilib.

Məlumata görə, Şahin Bağırov onunla birlikdə 2018-ci ildə işdən çıxarılan kadrı geri qaytarıb və İnsan Resursları İdarəsinə rəsi təyin edib.

Mövzu ilə bağlı DGK-ya göndərdiyimiz sorğuya cavab verilməyib.

Xatırladaq ki, Ş.Bağırov özü də Səfər Mehdiyevin təyinatından sonra nəinki sədr müavini vəzifəsindən, ümumiyyətlə gömrük orqanlarından xaric edilmişdi və o, Əmlak Məsələləri Dövlət Xidmətində Aparat rəhbəri vəzifəsinə getmişdi.

Prezidentin 18 iyul tarixli sərəncamı ilə Şahin bağırov Gömrük Komitəsinin birinci müavini və sədrin səlahiyyətlərini icra edən təyin edilib.

Xəbər xətti