Yananıstanı iflasdan AB saxlayır, Azərbaycanı isə…

İQTİSADİYYAT bölməsi

18:52 - 15 Yanvar 2023

 Yananıstanı iflasdan AB saxlayır, Azərbaycanı isə…

Avropa Birliyinin iqtisadi olaraq AB-dən ən çox asılı, ən çox xarici borcu, ən yüksək işsizlik ordusu olan ölkəsi Yunanıstandır. 2006-cı ildən başlayan, 2008-09-cu illərdə maksimuma çatan, sonra isə ancaq AB yardımları ilə avrozonada və ayaqda qalan Yunanıstanın problemləri daha çox daxili sistemindən, oyun qaydalarından, əmək bazarının strukturundan və dövlətin iqtisadiyyatda oynadığı rolun böyüklüyündən doğur. 

Yenipress.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

O bildirib ki, hazırda Yunanıstan əhalisi ilə Azərbaycan əhalisinin sayı, demək olar ki, eynidir:

“Yunanıstan iqtisadiyyatının 50%-dən çoxunu dövlət sektoru təmin edir, əhalinin yarısı da məhz dövlət sektorunda (dövlət şirkətləri, bələdiyyə şirkətləri və s.) çalışır. Sosial dövlət olduğunu elan edən Yunanıstan yüksək müavinat, təqaüd və maaş verməyə çalışırdı. 2006-cı ildən başlayaraq ölkənin resursları azaldı, çünki özəl sektor əsasən turizm üzərinə inşa edilmişdi, Türkiyənin həm qiymət, həm də servis olaraq Yunanıstanı rəqabətdə udmağa başlaması Avropadan gələn turizm selinin Türkiyəyə yönəlməsinə səbəb oldu ki, bu da Yunanıstanın tirizm sektorunda tənəzzül yaratdı. Nəticədə turizm sahəsində işsizlik artdı, xidmət sahəsinin ümumi ÜDM-ə verdiyi töhfə azalmağa başladı. Bunun üzərinə də Yunanıstanın böyük Beynəlxalq İdman Yarışlarına milyardlarla pul xərcləməsini gələndə, böhranın təməlləri yarandı və bir tək Arvopa Birliyinin yardımı ilə Yunanıstan defolt olmaqdan qurtuldu, günü bu gün də Yunanıstanı ayaqda saxlayan AB-dən aldığı kreditlər və yardımlardır.

Məsələyə fəlsəfi baxsaq, Yunanıstan dövləti öz üzərinə götürdüyü sosial yükü çəkə bilmədiyinə görə böhrana düşdü, əhalinin rifahı kəskin azalmağa başladı. Amma cəmiyyətləri “sol” düşüncəli olduğundan nə dövlət iqtisadiyyatından, nə də sosil yardımlardan əl çəkmək istəyirlər, istənilən özəlləşmə söhbətləri əhalinin küçələrə çıxıb etiraz etməyə səbəb olur. Son statistik məlumatlara görə, ölkə əhalisinin 53%-i dövlətdən aldığı maaş-təqaüd-müavinat-yardım hesabına yaşayır. Bu gün AB yardımları olmasa, Yunanıstan çökər, bəlkə də ən kasıb ölkələr sırasına yuvarlanar.

Gələk Azərbaycana! Bu gün bizim iqtisadi modelin təməlini də dövlət sektoru və ya dövlət büdcəsindən ayrılan vəsaitlər təşkil edir. İqtisadi aktivliyi yaradan iki amil var, hər ikisi də büdcəyə bağlıdır: 1) Büdcədən ödənilən maaş-təqaüd-müavinətlər ki, bu da ticarətin canlı olmasına səbəb olur, 2) Büdcədən təmir-tikintiyə, investisiya layihələrinə ayrılan vəsaitin yaratdığı iqtisadi aktivlik.

Xarici ticarətdə ixracın 90%-dən çoxu dövlət sektorunun payına düşür, büdcənin formalaşmasının 50%-ə yaxını Neft Fondundan transfertlər, 15%-ə yaxını neft-qaz sektorundan gələn vergilər, 15%-ə yaxını isə büdcədən ayrılan maaşlardan tutulan vergilərlə, büdcədən ayrılan investisiyaların yaratdığı vergi yükü təşkil edir. Yəni, büdcənin 80%-ə yaxını neft-qaz sektorundan birbaşa və dolayı asılıdır.

Gələk əhalinin dolanışığında büdcənin oynadığı rola: Ölkədə muzdla çalışan (müqavilə ilə, yəni rəsmi) 1 mln. 729 min nəfərdir, onlardan 900 mindən bir az çoxu dövlət sektorunda çalışır, yəni büdcədən maaş alır. Məmləkətdə 1 mln. 197 min təqaüdçü var, son prezident fərmanı ilə də məlum oldu ki, müxtəlif növ müavinatlar alan insanlarımızın sayı da 1 mln. 900 min nəfərdir. Beləliklə, ölkədə 4 mln. nəfərə yaxın vətəndaşımız dövlətdən, büdcədən asılı yaşayır.

Dövlətin iqtisadiyyatda, sosial təminatda oynadığı rol çox böyükdür və təhlükəlidir. Yunanıstan üçün AB-nin oynadığı rolu bizim üçün ancaq və ancaq neft-qaz sektoru oynayır – fərq budur ki, Avropa Birliyi tükənın mənbə deyil, amma neft-qaz həm tükənir, həm də qiyməti çox oynaqdır. Neft-qaz sabah kəskin ucuzlaşanda 4 mln. əhalini ələbaxan edən hökumət başına nə çarə qılacaq?! Vəziyyətdən necə çıxacaq?! Tutalım ki, 2-3 il kredit, borc götürüb vəziyyəti idarə edə bilər, bəs sonra?!

Ona görə də ölkədə ciddi institutsional və sistem islahatlarına ehtiyac var, bizim millət unikaldır, dünyada dövlətdən ən az nəsə istəyən toplumdur, əhalinin əsas istəyi budur ki, köməkləri özlərinə qalsın, hökumət çalışmağa, pul qazanmağa mane olmasın, yetər. İndiki sosil-iqtisadi model dayanıqlı deyil, böyük təhlükələrə qapı açan, gələcəkdə böyük təlatümlər yarada biləcək bir modeldir, bunu anlamaq üçün neftin 30-40 dollar olmasını gözləmək lazım deyil, bu gün institutsional dəyişikliklər lazımdır ki, dövlətin iqtisadiyyatda rolu minimuma düşsün, nəticədə də dövlətin sosial yükü azalsın – həm də, unutmayın, vətəndaş dövlətdən, büdcədən nə qədər asılı olursa, onu idarə etmək bir o qədər asan olur, amma bir yerə qədər, bu asılılıq dividend gətirənə qədər, dividend azalan kimi asılılıq da yox olmağa başlayacaq, bu isə sosial gərginliyi artıran, sabitliyi pozan amilə çevrilə bilər”.

Xəbər xətti