Fuad Nəcəfli orduya baş çəkdi, general geyiminə “əl gəzdirdi”

GÜNDƏM bölməsi

14:17 - 29 Dekabr 2022

 Fuad Nəcəfli orduya baş çəkdi, general geyiminə “əl gəzdirdi”

Birmənalı olaraq, Naxçıvanda böyük dəyişikliklər olacaq. Buna heç kimin də şübhəsi olmasın. Qısa bir zamanda Prezidentin Naxçıvana təyin etdiyi səlahiyyətli nümayəndə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusuna baş çəkirsə, artıq bu, o deməkdir ki, Fuad Nəcəfli həm vəziyyəti öyrənir, həm də rəhbərliyə müəyyən məruzələr edəcək. Düşünürəm ki, yanvar ayı ərzində Naxçıvandakı həmin hərbi birləşmədə böyük dəyişikliklər gözlənilir.

Yenipress.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

Hərbi ekspert Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin ötən gün Naxçıvan Əlahiddə Ümumqoşun Ordusuna baş çəkməsindən söz açıb.

Ekspert bu addımı müsbət qarşıladığını vurğulayıb:

“Çünki dünənə kimi geyim qaydalarını kobud şəkildə pozan Kərəm Mustafayev ötən gün yeni səlahiyyətli nümayəndənin qarşısına özü və tabeliyində olanlarla bir yerdə çıxdı. Geyim qaydası da Müdafiə Nazirliyinin ümumi qəbul etdiyi qaydalar çərçivəsində idi. Yəni geyim qaydalarında dövlət atributlarının daşınması hansı formada idisə, o formada da çıxmışdı. Bayrağın tikilməsi, şevronun gəzdirilməsi və s”.

K.Mustafayev barəsində səsləndirilən iddialara münasibət bildirən Ü. Cəfərov əlavə edib:

“Keçmişdə onu nə qədər tənqid etsək də, bu adam heç bir əməli addım atmırdı. Baxmayaraq ki, müdafiə nazirinin müavinidir. Həmçinin, onun özü və qardaşıyla bağlı ciddi narazılıqlar var. Ona görə də düşünürəm ki, yanvar ayı ərzində Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda yeni komandanlıq olacaq”.

Mütəxəssisin qənatəinə görə, orada rəhbərlik tam heyətlə dəyişilməlidir:

“Həm komandanın özü, həm də Baş qərargah rəisi dəyişməlidir. Çünki onların hər ikisi – Fazil Ağalarov və Kərəm Mustafayevlə bağlı mətbuatda çox neqativ fikirlər səsləndirilib. O fikirlər də mətbuatda getdikdən sonra Müdafiə Nazirliyi tərəfindən hər hansı bir təkzib, yaxud da açıqlama olmamışdır. Susmaq da razılıq əlaməti kimi qiymətləndirilir”.

“Ümumiyyətlə, Naxçıvanda çox işlər görülməlidir. Artıq oraya Daxili İşlər Nazirliyinin yeni rəisi təyin olunub: məşhur polkovnik Süleyman Nemətov. O, Suraxanı rayon Polis İdarəsinin rəisi vəzifəsindən azad olunaraq, Naxçıvan Daxili İşlər Naziri vəzifəsinə təyin olunub. Dövlət Sərhəd Xidmətinin Naxçıvanda olan məşhur general-leytenantı Niyaməddin Tağıyev isə artıq Elçin Quliyev tərəfindən əvəzlənib və onun yerinə “Qazax” Əlahiddə Sərhəd Diviziyasının komandiri təyin olunub. Yəni Müdafiə Nazirliyində dəyişiklik olub və olacaq da”, – hərbi analitik əvəzlənmələrdən danışarkən deyib.

“Fikrimcə, Naxçıvanın bütün həyatında yenilik aparılmalıdır və məncə, bu yeniliklərin hamısı ordudan kənar olmayacaq. Xeyli məsələlər var və mənə elə gəlir ki, yaxın aylarda onlarla bağlı da bir irəliləyiş olacaq”, – yekunlaşdırıb.

Xəbər xətti